Bələdiyyə seçkilərinə niyə maraq azdır? - AÇIQLAMA
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ancaq bu seçkilərdən bəlkə də çox adamın xəbəri yoxdur. Çünki ölkəmizdə bələdiyyə seçkiləri parlament və prezident seçkiləri kimi səs-küylü olmur.
Bəs Azərbaycanda bələdiyyələrə maraq niyə azdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, insanlar seçkilərin qeyri-ədalətli olduğunu düşünürlər:
"Azərbaycanda seçkilərin acı bir təcrübəsi var. Seçki tarixində nailiyyətsizlik sindromu xalqın siyasi proseslərə olan marağına ciddi təsir göstərib. Uzun illər ərzində baş verən qeyri-ədalətli seçki təcrübələri insanlarda siyasi proseslərə inamsızlıq yaradıb".
Siyasətçinin sözlərinə görə, belə bir vəziyyətdə seçkilər vasitəsilə dəyişikliklərə nail olmaq üçün bir sıra addımlar atılmalıdır.
"Seçki prosesində şəffaflıq, ədalət və azadlıq prinsipləri qorunarsa, seçkilərdə iştirak etməyə maraq göstərəcəklər. Xalqın siyasi biliklərini artırmaq və onların seçkilərin əhəmiyyəti barədə məlumatlandırılması vacibdir. Xalqın inamını qazanan və onların maraqlarını təmsil edən siyasi qüvvələrin meydana çıxması lazımdır. Bu tədbirlər görülmədiyi halda, seçkilərə olan marağın zəif qalması və xalqın siyasi proseslərdən uzaqlaşması davam edə bilər. Seçkilər yalnız siyasi qüvvələr və xalq arasında etimad körpüsü qurulduğu zaman effektiv bir dəyişiklik vasitəsinə çevrilə bilər", - deyə Sərdar Cəlaloğlu vurğuladı.
Türkan İSGƏNDƏRLİ