"İsrail və HƏMAS arasındakı atəşkəs razılaşması sülhlə nəticələnməyəcək" - AÇIQLAMA
"HƏMAS və İsrail arasında atəşkəsin bağlanması bölgədə tamamilə sülhün əldə edilməsinə və yaxud da Qəzza məsələsinin beynəlxalq müstəvidə qəbul edilən "ikili dövlət prinsipi" üzrə həll edilməsinə əsas yaradacağını hesab etmirəm. Bu, daha çox girovların azad edilməsinə hesablanmış bir addımdır, hansı ki, bu məsələdə əsas maraqlı tərəf İsraildir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı İsrail və HƏMAS-ın atəşkəslə bağlı razılığa gəlməyini şərh edərkən dedi. Onun sözlərinə görə, İsrail üçün girovların azad edilməsi daxili ictimai təzyiqləri azaltmaq baxımından prioritetdir:
"Qəzza müharibəsi başladıqdan sonra İsrail HƏMAS-ı böyük ölçüdə sıradan çıxartdı. HƏMAS-ın əlində isə əsas kozlardan biri məhz girovlar məsələsi qalmışdı. İkincisi, bu məsələ İsrail hökuməti üçün əsas daxili problemlərdən biridir. Yəni insanlar qəti şəkildə etiraz edirlər, girovlarla bağlı hökuməti davamlı qınayırlar. Onların azad edilməsi Netanyahu hökümətinin uğuru kimi qəbul edilə bilər. Təbii ki, burada ən önəmli məsələ odur ki, İsrail əslində bu cür atəşkəslə girovların azad edilməsindən sonra HƏMAS-la, yəni Qəzza müharibəsində böyük bir mərhələni başa çatdırmaq istəyir. İndiyə qədər Qəzzada böyük hissə nəzarətə götürülüb. Bunu qələbə ilə yekunlaşdırmaq məsələsi prosesin bitməsindən daha çox, sonrakı mərhələlərin başlanmasına hesablanıb. İsrail və HƏMAS-ın razılıq əldə etməsi, sülh sazişinə gətirib çıxarmayacaq. Çünki İsrail bunu qəbul etmir".
Politoloqun fikrincə, İsrailin növbəti əsas hədəfi kimi Yəməndə Husilər və İran görünür.
"İsrail Qəzzada HƏMAS-la yanaşı, Hizbullaha qarşı böyük bir əməliyyat keçirdi. Livanda Hizbullahı böyük dərəcədə zəiflətdi, sıradan çıxartdı, burada İranın da bölgədəki təsiri ciddi zəiflədi. Xüsusən növbəti əsas hədəf kimi Yəməndə Husilər görünür. Husilər üçün Körfəz ölkələri, xüsusilə də ərəb ölkələri ortaq mövqedən çıxış edəcək. Çünki Husilər təkcə İsrail üçün yox, həm də Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri üçün ciddi təhlükə yaradır. İranın oradakı əsas qüvvələrinin sıradan çıxarılması, qarşıdakı dövrdə əsas hədəflərdən biri olacaq. İranın və İraq üzərində dini ideoloji təsirinin sıradan çıxarılması ilə bağlı addımlar atıla bilər. Çünki şiə məzhəbinin əsas müqəddəs şəhərləri Kərbəla, Nəcəf İraqdadır və İranın dini ideoloji siyasəti də məhz bu şəhərlər üzərində qurulub və həmin müqavimət toxumu üzərindən yayılır. İraqda müəyyən bir amil var ki, zaman-zaman bu məzhəb məsələsi önə çıxa bilir. Bu, ərəb millətçiliyi məsələsidir", - deyə Asif Nərimanlı qeyd etdi.
Türkan İSGƏNDƏRLİ