"20 Yanvar hadisələri bizim qürurlu tariximizdir" - Millət vəkili
“İlham və Fərizə Azərbaycan dəyərlərini özündə əks etdirən bir simvollardır. Yəni burda vətənpərvərlik, vətən uğrunda döyüşmək, qəhrəmanlıq, igidlik var. Şuşanın qayalarını dırmaşan igidlərimiz İlham kimi igidlərimizdən bəhrələndi. Bu gün Fərizə Azərbaycan mental dəyərlərinin bir simvoludur. Öz həyat yoldaşına, sevgisinə böyük bir rəğbət bəsləyib, onun yolunda canından keçməyi bacarıb”.
Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov 20 Yanvar faciəsi haqda danışarkən deyib.
Deputat bildirib ki, 20 Yanvar hadisəsi ona görə faciədir ki, burda bizim insanlarımız şəhid olub:
“Ancaq bu faciəni sonradan qəhrəmanlıq salnaməsinə çevirən əlbəttə ki, ulu öndərimiz Heydər Əliyev və Cənab Prezidentimiz oldu. 20 Yanvar bizim fəxr günümüzdür. 20 Yanvar faciəsinin coğrafiyası və sayı daha çox ola bilərdi. Hər birimiz xatırlayırıq ki, ulu öndərimiz Heydər Əliyev Qarbaçovun məkirli niyyətlərinə baxmayaraq Moskvada Azərbaycan daimi nümayəndəliyinə gəldi, etirazını bildirdi. Bu etiraz həm hadisənin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı, eyni zamanda o da məlumdur ki, rus qoşunları Lənkəran, Gəncə, Qarabağ istiqamətində getməli idi. Ulu Öndərimiz Heydər Əliyev hadisənin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırandan sonra digər istiqamətlərdə qoşunların getməsinin qarşısını ala bildilər. Cənab Prezidentimiz İlham Əliyevin ulu öndərimiz ilə birgə Moskvada 20 Yanvar hadisələri ilə bağlı öz etirazını bildirməsi və orda iştirak etməsi hesab edirəm ki, onların Azərbaycan xalqı ilə birgə olmasının nümunəsi idi. Bütövlükdə 20 Yanvar hadisələri bizim qürurlu tariximizdir. O tarixi əbədiləşdirən insanların hər biri isə bizim üçün əzizdir”.
Vasif ƏLİHÜSEYN