"Ermənistanı sürətlə silahlandıraraq yeni savaşa hazırlayırlar" - AÇIQLAMA

 16:58 21.01.2025     158

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan ötən gün iclasda “Ermənistan və “artsax”ın birgə xəritəsi”ni kağız formada kürsünün yanına yapışdırıb. Bu xəritədə Azərbaycana qarşı ərazi iddiaları əks olunub. Bununla da erməni müxalifəti sülhə qarşı olduqlarını göstərmiş oldular.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Nikol Paşinyan hakimiyyəti də daxil olmaqla Ermənistanda sülh sazişinin imzalanmasının tərəfdarı yoxdur:

"Ermənistan sülh danışıqlarında məcburiyyət qarşısında iştirak edir. Ermənistan revanşist əhval-ruhiyyədə olan bir toplumun qondarma bir ölkəsidir. Bu baxımdan Ermənistanda sülh sazişini imzalamaq barədə düşünmürlər. Ancaq elə bir situasiya yaranıb ki, Ermənistan sülh sazişini imzalamasa, öz mövcudluğunu böyük risk altına ata bilər. Ona görə də sülh danışıqlarında iştirak edirlər və Paşinyan hakimiyyəti əvvəl-axır o sülh sazişini imzalamalı olacaq. Bu prosesin gecikməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, Ermənistan hələlik Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Fransanın dəstəyini öz arxasına almağı bacarıb və bu dəstəyə güvənərək yeni savaşa hazırlıq prosesinə start verib".

Politoloqun fikrincə, ABŞ, Avropa İttifaqı və Fransa Azərbaycanla Ermənistan arasında vəziyyəti daha da gərginləşdirmək istəyir.

"Bu üç beynəlxalq gücə Cənubi Qafqazda sülh sazişinin, sülh prosesinin uğur qazanması sərfəli olmadığına görə Ermənistanı sürətlə silahlandıraraq yeni savaşa hazırlayırlar. Burada qarışıqlıq yaradaraq öz vasitəçilik iddiaları ilə Cənubi Qafqazda geopolitik oyunçuya çevrilməyə çalışırlar. Ermənistan da hazırda ABŞ, Avropa Fransanın geopolitik müstəmləkəsinə çevrilib. Onlar icazə verməsə, Ermənistan sülh sazişini imzalaya bilməz. Bu baxımdan yekun sülh sazişinin ətrafında situasiya kifayət qədər qəlizdir. Onun nə vaxt imzalanacağını hələlik müəyyən etmək bir qədər çətindir", - deyə Elçin Xalidbəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ