"ABŞ ilə münasibətləri gərgin olan ölkələri çox sərt siyasət gözləyir" - AÇIQLAMA

 18:05 21.01.2025     139

Donald Tramp hələ prezidentliyinin ilk günündə müzakirələrə səbəb olan bir sıra radikal qərarlara imza atıb. Onun bəzi fərman və sərəncamları artıq ABŞ-də narahatlıqlara da gəririb çıxarıb. Bunlardan biri də digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalamasıdır. Həmçinin onun sərəncamları ilə ABŞ bəzi konvensiya və təşkilatlardan da ayrılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Tramp Amerika üçün radikal qərarlar verməyə davam edəcək.

"Tramp Amerika siyasətində fərqli, radikal çıxışları ilə tanınan bir fiqurdur. Onun həyata keçirdiyi islahatlar Respublikaçılar Partiyasının da ənənəvi mövqeyinə ziddir. O, prezident seçilmək üçün partiyalardan birindən istifadə etməli idi. Öz mövqeyinə yaxın daha çox Respublikaçıları münasibət gördüyü üçün o, partiyadan qatıldı. Əvvəllər Demokratlar Partiyasına meylli siyasətçi olsa da, sonradan respublikaçılara üstünlük verməyə başlayıb və artıq Amerika siyasətində bir "Trampizm" xətti formalaşıb. Məsələn, imzaladığı qərarlardan biri iqlim dəyişikliyi ilə bağlı Paris Konvensiyasını tərk etmək oldu. Yəni COP tədbirlərində artıq iştirak etməyəcək, ABŞ buna görə pul ödəməyəcək. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatından da çıxmaq qərarı oldu. Bu kimi təşkilatları, qurumları, konfransları beynəlxalq mafiyanın bir aləti hesab edirdi. Trampın mövqeyi "hər şey Amerika, Amerikanın böyüklüyü üçündür" və bundan sonra da kifayət qədər radikal qərarların veriləcəyi gözləntisi var və veriləcək", - deyə o vurğuladı.

zeynal serh

Politoloqun sözlərinə görə, ABŞ lideri xarici siyasətdə də öz böyüklüyünü qəbul etdirməyə çalışacaq.

"ABŞ Kanada və öz şimal qonşusu Kanada və cənub qonşusu Meksikadan idxal olunan mallara əlavə rüsumların tətbiq edilməsi haqqında sərəncam verildi və eyni zamanda ticarətdə Çinə qarşı daha ağır sanksiyaların tətbiq edilməsi barəsində sərəncam verəcəyi gözlənilir. Eyni zamanda Kremllə Ağ Ev arasında Ukrayna müharibəsi ilə bağlı yeni bir danışıqlar başlayacaq. Əgər bu danışıqlarda Rusiya tərəfi güzəştlərə getməzsə, onu ağır sanksiyalar gözləyir. Burada İrana da ağır sanksiyaların tətbiqi məsələsi gündəmdədir. Hətta ola bilər ki, İranda havadan hücum əməliyyatı da baş versin. Yəni bütün bunlar da gözlənilən variantlardır.

Ümumilikdə Trampın əsas mövqeyi iqtisadi embarqo tətbiq etməklə dünya ölkələrinə ABŞ-nin böyüklüyünü qəbul etdirməkdir. Hazırda Baydenin apardığı müharibə əməliyyatları nəticəsində, məsələn, Rusiya-Ukrayna müharibəsində Rusiyanın resursları kifayət qədər zəifləyib və eyni zamanda Çin ətrafında da hərbi halqa daralıb. Tayvanın mühafizəsi ABŞ-nin yeni administrasiyası dövründə əsas diqqət mərkəzində olacaq. Biz Çin sahillərində, ABŞ-nin NATO ölkələri ilə birlikdə öz müttəfiqləri ilə birlikdə genişmiqyaslı hərbi dəniz təlimləri keçirəcəyini də gözləyə bilərik. Yəni bu kimi tədbirlər davam edəcək və Trampın dövründə ABŞ ilə münasibətləri gərgin olan ölkələri çox sərt iqtisadi siyasət gözləyir", - deyə Zeynal Əmrəliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ