Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri əhəmiyyətli şəkildə fərqlənəcək - Musa Qasımlı
ABŞ və Azərbaycan bu vaxta qədər siyasi, diplomatik, iqtisadi, enerji və bu kimi müxtəlif sahələrdə əməkdaşlıq qurub. Donald Trampın ilk prezidentliyi dövründə də əlaqələr müsbət istiqamətdə davam edib. Azərbaycan tərəfi bu münasibətləri inkişaf etdirməkdə maraqlı olsa da, Trampdan sonrakı Prezident Co Baydenin vaxtında ikitərəfli əlaqələrdə soyuqluq hiss olunurdu.
Trampın ikinci dəfə prezident kimi fəaliyyətə başlaması ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirdi ki, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri Co Baydenin prezidentlik dövrü ilə müqayisədə əhəmiyyətli şəkildə fərqlənəcək:
"Co Baydenin bir çox məsələlərdə yürütdüyü dərin düşünülməmiş siyasət ölkələrimiz arasında münasibətlərdə bəlli fikir ayrılıqları yaratmışdı. Donald Trampın əvvəlki siyasətdən imtina edəcəyi qənaətindəyəm. Hər şeydən əvvəl ölkələrimiz dünyada sülhün təşviq edilməsində və beynəlxalq təhlükəsizliyin gücləndirilməsində əməkdaşlığı dərinləşdirə bilərlər. Bunun Azərbaycan-Amerika münasibətlərində məlum səhifələri vardır. Hər iki ölkə milli təhlükəsizlik maraqlarına əsaslanaraq, beynəlxalq terrorizmə, onun müxtəlif forma və metodlarına qarşı əməkdaşlığı dərinləşdirə bilərlər. Bunun da münasibətlər tarixində toplanmış təcrübəsi var".
Vitse-spiker Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunun, Azərbaycanın ABŞ ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq istəyini göstərdiyini diqqətə çatdırdı.
"Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıqda yeni səhifə aça bilərlər. Bu münasibətlərin də bəlli bir təcrübəsi var. Azərbaycan-Birləşmiş Ştatlar əməkdaşlığı bir çox məsələləri həll etmişdi. Düşünürəm ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri var. Bütün bunlar ənənəvi əməkdaşlıq sahələridir. Amma yeni əməkdaşlıq sahələri də ola bilər. Azərbaycan həmişə Birləşmiş Ştatlarla dostluq və qarşılıqlı faydalı əməkdaşlığa hazır olub. Bunun müsbət nəticələrinə dair çoxlu misallar göstərmək olar. Cənab Prezidentimiz İlham Əliyevin Prezident Donald Trampa göndərdiyi təbrik məktubu Azərbaycanın niyyətindən xəbər verir", - deyə Musa Qasımlı vurğuladı.
Türkan İSGƏNDƏRLİ