Milli Məclisin sədri Azərbaycanın İtaliyadakı səfirliyində oldu - FOTO

 10:35 22.01.2025     78

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində Romada Azərbaycan səfirliyində olub.

Redaktor.az xəbər verir ki, Milli Məclisin sədri binada yaradılan şəraitlə və səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub. 

Məlumat verilib ki, səfirliyin iş otaqlarında diplomatik korpusun əməkdaşları üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib. 

Mədəniyyət Mərkəzinin daxili tərtibatında isə Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. 
Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur. 

Səfirliyin binasının həyətində “Xarıbülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları “Xarıbülbül” maketləri nümayiş olunur.
 

222222