ABŞ-nin bu hərəkətləri onu nüfuzdan salacaq - Kərəm Məmmədov

 17:00 24.01.2025     96

ABŞ Prezidenti Donald Tramp ölkədə dəyişikliklərə davam edir. O, Baydenin qəbul etdiyi qanunların bir qismini ya ləğv etdi, ya da dəyişdirdi. Bundan başqa Tramp xarici siyasətində də aktivlik göstərir. Amerika lideri hələ də Kanada, Qrenlandiya, Panama kanalını ABŞ-nin bir parçası etmək istəyir. Bununla yanaşı bir çox siyasətçi onun İranı hədəf olaraq seçdiyini bildirir. Onun Ukrayna-Rusiya müharibəsinin həllində də rol alacağı gözlənilənlər sırasındadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədovun fikrincə, Trampın Kanadanı ABŞ-nin növbəti ştatı edəcəyi real görünmür:

"Kanada müstəqil dövlətdir və onun ABŞ tərəfindən zəbt edilməsi dünyada heç də birmənalı qarşılanmayacaq. Nəticədə ABŞ nüfuzdan düşməklə qarşılaşacaq. Ona görə də bunu mümkün hesab etmirəm. Qrenlandiyada isə ən çoxu hərbi bazalar yerləşdirilə bilər. Panama ilə bağlı dedikləri də bilavasitə kanaldan keçidlə bağlıdır. Dünya ticarət yolları uğrunda böyük güclərin savaşı gedir. Kimin iradəsi, səbri və güclü olsa, o da qazanacaq. ÜST-dən çıxmaq qərarı beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin nüfuzuna böyük zərbə olacaq".

Konfliktoloqun sözlərinə görə, İranla bağlı əvvəlki siyasət davam etdiriləcək.

"İrana hücum ediləcəyinə inanmıram, çünki İran ABŞ-ın regiondakı siyasətinin həyata keçirilməsi üçün bütöv lazımdır. Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyir, zatən hər ikisi müharibənin bitməsində maraqlıdır. Amma böyük güclər bunu istəyirmi? Hələ ki, xeyr. Tramp bütün dünyaya hədə-qorxu gələrək Amerikanı dünyanın hakimi kimi göstərmək istəyir. Əgər buna nail olmaq istəyirlərsə, onda ilkin olaraq qan gölünə çevirdikləri Yaxın Şərqdə sülh yaratsınlar. Tramp dediklərinin az bir hissəsini reallaşdıra bilər, amma hamısını edə bilməyəcək", - deyə Kərəm Məmmədov vurğuladı.

Türkan İSGƏNDƏRLİ