"Ermənistan Azərbaycana qarşı yenidən hərbi təxribatlar törətmək niyyətindədir" - Politoloq
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ermənistan və Azərbaycanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Buna səbəb iki ölkə arasındakı “münaqişə” olduğu qeyd edilib. Britaniyanın bu çağırışının arxasında nə dayanır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistanın sistemli şəkildə silahlandırılması belə təsəvvürləri genişləndirə bilər. O, qeyd etdi ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib və sülh sazişini imzalamaq üçün Ermənistana öz haqlı, ədalətli şərtlərini təqdim edib:
"Azərbaycanın təqdim etdiyi şərtlər əsasında bağlanacaq sülh müqaviləsi sözsüz ki, dayanıqlı bir müqavilə olar. Regionda həm təhlükəsizliyin, həm uzunmüddətli sülhün təmin olunması baxımından çox təsirli olar. Lakin Ermənistan tərəfi hər vasitə ilə özünün ağır məğlub durumunu düzəltmək üçün bir şərtlərin təmin olunmasına çalışır və yaxud da ki, belə bir zamanın yetişəcəyinə ümid edir. Ermənistan öz üzərinə götürmüş olduğu öhdəlikləri də yerinə yetirmir və ayrıca olaraq ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın təklifinə də laqeyd yanaşır. Çünki Minsk qrupunun fəaliyyət göstərməsi o anlama gəlir ki, sanki münaqişə vəziyyəti hələ də davam edir. Yəni görünən ondan ibarətdir ki, Ermənistan tərəfi münaqişə vəziyyətinin hələ də davam etdiyi təəssüratını formalaşdırmaqda israrlıdır. Maraqlı dairələr də mövcuddur, hansılar ki, Cənubi Qafqaz regionunda münaqişə amilindən istifadə edərək öz mövcudluqlarını təmin edirdilər. Onlar elə bu gün də imkanları olanda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər, ölkəmizə qarşı siyasi hücumlar təşkil edirlər və Ermənistana hərtərəfli dəstək olmaqdadırlar. Amerika Birləşmiş Ştatları, Fransanı xüsusi vurğulamaq lazımdır".
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Azərbaycanın irəli sürdüyü haqlı şərtlərə uyğun mövqe sərgiləyərək sülh sazişi imzalayarsa, o zaman regionda sülh və təhlükəsizlik təmin olunmuş olacaq.
"Hesab edirəm ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi belə bir xəbərdarlıq edirsə belə, bu təəssüratın formalaşmasının səbəbkarı Ermənistandır. Çünki Ermənistanın təhlükəli silahlarla silahlandırılması, sülhdən yayınması, Ermənistanla hərbi təlimlərin keçirilməsi, Avropa İttifaqı mülki missiyasının Ermənistanda kəşfiyyat fəaliyyəti həyata keçirməsi regionda yenidən gərginlik yarada bilər. Regiondan kənar yerləşən maraqlı dövlətlərin də elə istəyi bundan ibarətdir ki, yenidən münaqişə vəziyyəti yaransın. Ermənistanın ərazisindən region ölkələri Azərbaycana daxil olmaqla kəşfiyyat fəaliyyətinin obyektinə çevrilib. Ermənistan Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edəcəksə, bizim təhlükəsizliyimizə təhdid yaradacaq halların meydana gəlməsini şərtləndirəcəksə, Azərbaycan sözsüz ki, BMT Nizamnaməsinin də icazə verdiyi kimi, öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldıracaq və Britaniya Xarici İşlər Nazirliyinin məlumatlarından da gəldiyimiz nəticə ondan ibarətdir ki, görünür, Ermənistan Azərbaycana qarşı yenidən hərbi təxribatlar törətmək niyyətindədir və belə olan halda Azərbaycan da cavab reaksiyası nümayiş etdirməyə çalışır", - deyə E.Mirbəşiroğlu bildirdi.
Türkan İSGƏNDƏRLİ