Tbilisidə etiraz dalğası yenidən başlayıb - Aksiyaçılar nə istəyir?
Qonşu ölkə Gürcüstanda etirazçılar yenidən aksiyalara başlayıb. Onlar yeni seçkilərin keçirilməsini və həbs olunanların azadlığa buraxılmasını istəyirlər. Amma parlament və prezident seçkiləri zamanından başlayan daxili siyasi proseslər hələ nəticə verməyib.
Bəs bu dəfə etirazlar nəticə verə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Turan Rzayevin fikrincə, bu dəfəki aksiyaları ciddi proses saymaq olmaz:
"Əslində seçki sonrası kifayət qədər ciddi bir proses başlamışdı. Amma mövcud reallıqlar çərçivəsində bu aksiyaların nəticəyə varması o qədər də real görünmür. Məsələ ondan ibarətdir ki, Gürcüstanda iki dənə seçki prosesinin şahidi olduq və hər iki prosesdə hakim Gürcü Arzusu Partiyası qələbə qazandı və bu, bir daha Gürcüstan xalqının iradəsinin real göstəricisidir. Təbii olaraq aksiyalar olacaq. Çünki illərdir Gürcüstanda kök salmış bir Qərb agentura şəbəkəsi var, hansı ki, bu agentura Qərbdə müftə pul almaqla ölkə maraqlarını şəxsi maraqlarının kölgəsində qoyurdu".
Politoloqun sözlərinə görə, aksiyalar nə qədər genişlənməyə çalışsa da, hakimiyyət bunun qarşısını ala bilir.
"Belə olan təqdirdə də bu şəxslərin mövcud vəziyyətlə razılaşmayacağı bəlli idi. Çünki Gürcüstan hakimiyyəti Qərbdən maliyyələşən agentura şəbəkələrinin fəaliyyətini məhdudlaşdırır. 2008-ci ildən sonra Azərbaycanda baş verən oxşar proseslər indi Gürcüstanda yaşanır. Bu aksiyaların davamlı olacağı gözlənilmir və böyük ehtimalla yaxın zamanda sona çatacaq", - deyə Turan Rzayev vurğuladı.
Türkan İSGƏNDƏRLİ