""Erməni soyqırımı"nı gündəmə gətirmək Ermənistana yaxşı heç nə vəd etmir"

 19:13 27.01.2025     236

Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Osmanlı İmperiyasında ermənilərin “soyqırımı” məsələsinə yenidən baxılmasının vacibliyini bəyan edib. “Biz ermənilərin “soyqırımı”nın tarixi məsələsinə qayıtmalıyıq.  Nə baş verdiyini və niyə baş verdiyini başa düşməliyik.  Biz bunu necə, kimin köməyi ilə qəbul etdik. Necə oldu ki, 1939-cu ildə “soyqırım” gündəmi yox idi, amma artıq 1950-ci ildə gündəmə gəldi?”, - deyə erməni siyasətçi bildirib.

Mövzu ilə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, qondarma erməni soyqırımı məsələsi dünya erməniliyini birləşdirən fundamental məsələlərdən biridir:

“Hər kəsə bəlli həqiqətdir ki, Türkiyə siyasi hakimiyyəti və şəxsən Rəcəb Tayib Ərdoğan dəfələrlə qeyd edib ki, Türkiyə və Ermənistan, eyni zamanda beynəlxalq tarixçilərdən ibarət bir komissiya  formalaşsın və onlar arxivdə işləsinlər, həqiqəti üzə çıxarsınlar. Əksinə Birinci Dünya müharibəsində ermənilər xeyli sayda türkə qarşı cinayət törədiblər və soyqırım siyasəti həyata keçiriblər. İndi isə bu reallıqlar fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanən Sürixdə erməni diasporu ilə görüşündə səsləndirdiyi fikirlər xüsusi maraq doğurur. O, qondarma erməni soyqırımı məsələsinə yenidən baxılmasına toxunub və qeyd edib ki, "çox qəribədir, 1939-cu ildə bu məsələ gündəmdə yox idi, lakin 1950-ci illərdən başlayaraq isə bu məsələ yenidən gündəmə gəldi". Nəzərə alsaq ki, 1952-ci ildə Türkiyə NATO ölkəsi oldu, Türkiyənin NATO ölkəsi olması təbii ki, o zamankı Sovet rəhbərliyini narahat edən məsələlərdən biri idi. Çünki Türkiyə NATO-nun cənub qanadıdır və bu baxımdan Sovet İttifaqı bu reallığı özü üçün ciddi təhlükə mənbəyi hesab edirdi. Tükiyəni zəiflətmək üçün, daxilində problem yaratmaq üçün Sovet İttifaqı bu məsələni xüsusi qabartdı. O zamandan da Türkiyəyə qarşı təzyiq elementi kimi böyük dövlətlər tərəfindən istifadə edilməyə başladı. Hətta Türkiyənin özünün müttəfiqləri belə qondarma erməni soyqırımı amiindən öz siyasətləri üçün  istifadə etməyə başladılar".

Millət vəkilinin sözlərinə görə, 2024-cü ildən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bəyan edib ki, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması məsələsi İrəvanın xarici siyasəti üçün prioritet məsələ deyil.

“Hesab edirəm ki, Paşinyan və höküməti yeni geosiyasi reallıqlar fonunda fərqindədir ki, Türkiyə ilə bu dildə danışmaq, "erməni soyqırımı" kimi məsələləri gündəmə gətirmək Ermənistanın perspektivlərinə yaxşı heç nə vəd etmir. Eyni zamanda Paşinyan köhnə Ermənistanla vidalaşıb, yeni Ermənistan ideyası ilə çıxış edir. Yəni köhnə məsələləri kənarda qoymaq lazımdır, irəli baxmaq lazımdır. Həmin köhnə məsələlərdən birincisi elə "erməni soyqırımı" ilə olan məsələdir. Paşinyanın son bəyanatı, Ermənistan xarici işlər nazirinin qondarma erməni soyqırımı ilə bağlı son səsləndirdiyi fikirlər bu nəticəyə gəlməyə əsas verir ki, bu məsələdə yeni baxış, yeni yanaşma var və bu daha çox Ermənistanın praqmatik yanaşması kimi dəyərləndirilə bilər", - deyə Elman Nəsirov qeyd etdi.

BƏNÖVŞƏ