Zelenskinin təklifinin Azərbaycana hansı faydası var? - AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski Davos görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan qazının Ukrayna üzərindən Avropaya çatdırılması ilə bağlı təklif təqdim edib.
Bu təklifin reallaşması ölkəmizə hansı faydaları verə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, bu, Qərblə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə kömək edə bilər:
"Bu məsələ çox önəmli məsələdir. Çünki Azərbaycan qazının Ukrayna üzərindən daşınması üçün kifayət qədər infrastrukturu var. Azərbaycan onsuz da qazı Avropaya çıxarır. Yəni TANAP, TAP layihəsi üzərindən Bakı-Tbilisi-Ərzurum qaz layihəsi üzərindən bunu həyata keçirir. Amma yeni bir şaxələnmənin baş verməsi Azərbaycanın Avropanın qaz təchizatında xüsusi rolunu artırır ki, bu da xüsusilə Azərbaycanın Avropada çəkisini artırır. Eyni zamanda Ukraynanın əlaqələri də xüsusi önəm verir. Yəni bir növ Qərblə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə kömək edə bilər".
Politoloqun sözlərinə görə, Azərbaycanın belə bir layihəni həyata keçirməsi, Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilər.
"Amma o biri tərəfdən bu proses Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Bax, bu bir az qaranlıq qalır və bu məsələdə Rusiyanın təxribatı ola bilərmi-bilməzmi, bu, artıq şübhə doğuran məsələlərdir. Düşünürəm ki, kifayət qədər bu məsələdə nəzərə alınmalı hissələr var. Amma hər halda Azərbaycan qəti mövqe ortaya qoyubsa və Zelenskinin bu təklifi Azərbaycanın maraqlarına xidmət edirsə, dəstək verirsə, o zaman düşünürəm ki, Azərbaycan bu layihənin gerçəkləşdirilməsini həyata keçirə bilər. Eyni zamanda həm Ukraynanın, həm də Avropanın digər şərq ərazilərinin qaz təchizatında Azərbaycan qazı xüsusi rol oynaya bilər", - deyə Samir Hümbətov bildirdi.
Türkan İSGƏNDƏRLİ