Azərbaycan-Belarus münasibətləri strateji əhəmiyyət daşıyır – AÇIQLAMA
Belarusda keçirilən növbəti prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçicilərin, təxminən, 88 faizinin səsi ilə qalib gəlib. O, postsovet məkanında ən uzun müddət hakimiyyətdə qalan liderlərdən biridir. Lukaşenkonun siyasəti ilə ölkədə sabitlik yaranıb.
Bəs bundan sonra ölkənin xarici siyasəti, xüsusilə Azərbaycanla münasibətlər hansı istiqamətdə irəliləyəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, Azərbaycan və Belarus arasındakı münasibətlər strateji xarakter daşıyır və bir çox sahədə əməkdaşlığın genişlənməsi üçün potensial mövcuddur:
"Belarus Azərbaycanın dostu, müttəfiqidir. Bir sıra məsələlərdə maraqları üst-üstə düşür. Şəxsən Lukaşenko-Əliyev dostluğu bunun bariz nümunəsidir. Şəxsi mənada dostluqları da münasibətlərə yeni keyfiyyətlər də gətirəcək. Başqa bir formada Azərbaycan-Belarus münasibətlərinə Belarusun KTMT-yə üzv olması kimi baxmaq lazımdır ki, burada Ermənistan da təmsil olunur. Bundan başqa Avrasiya İqtisadi Birliyində hər iki ölkənin üzvlüyü kimi baxmaq lazımdır və keçmişə nəzərən Ermənistanın başı üzərində Belarusun "Domokl qılıncı" kimi qalması Azərbaycan üçün kifayət qədər strateji mənalar kəsb edir. Bundan sonra bizim aramızda beynəlxalq təşkilatlarla əməkdaşlıq, MDB çərçivəsində əməkdaşlıq, iki dövlət arasında kənd təsərrüfatı sahəsindəki əməkdaşlıqlar genişləndirilməlidir. Belarus təcrübəsi kənd təsərrüfatının inkişafı sahəsində qida təhlükəsizliyi nöqteyi-nəzərindən kifayət qədər cəlbedici görünür və düşünürəm ki, ticarət dövriyyəsinin daha da artırılması məsələsi var".
Siyasi şərhçinin sözlərinə görə, Belarusun coğrafi mövqeyi də onun xarici siyasətinə təsirsiz ötüşmür.
"Amma burada bir önəmli faktor da var. Belarusun yerləşdiyi coğrafiya onun xarici siyasətinə təsirsiz ötüşmür. Belarus çox həssas bir zonadadır və Qərblə Şərq siyasi güclərinin toqquşduğu nöqtədədir. Görək nə qədər davam gətirə bilər, nə qədər sabitlik çərçivəsində qala bilər. Bizim strateji maraqlarımıza bu ölkənin formada qalmağı vacibdir", - deyə Əziz Əlibəyli vurğuladı.
Türkan İSGƏNDƏRLİ