Siyasətdən başı çıxmayan "qaqalar" namizədlik verir - Politoloq
Azərbaycanda bələdiyyə seçkilərinə maraq demək olar ki, yox dərəcəsindədir. Bəlkə də seçicilər yaşadıqları ərazidə bələdiyyə üzvlüyünə namizədləri belə tanımırlar.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil:
"Bələdiyyə seçkilərində iştirakla bağlı ilin əvvəlindən çox düşündük. Çox düşünürsən, fikirləşirsən ki, heç bir səlahiyyəti olmayan, tamamilə icra hakimiyyətlərindən asılı halda fəaliyyət göstərən, adi bir qəbirstanlıqlara nəzarət edə bilməyən bir quruma seçilməyin mənası nədir? 2019-cu ildə bələdiyyə üzvü seçilən xeyli sayda dostlarımız var idi. Müxtəlif bələdiyyələrin üzvləri idi. Adam deyir ki, 1-2 dəfə istisna, heç iclasa çağırmırlar. Bələdiyyə sədri yerli icra hakimiyyəti ilə razılaşıb öz işini görür".
Politoloq seçkilərdə siyasətçi və partiyaların fəallıq göstərmədiyini də vurğuladı:
"Ölkədə bir qram seçki abu-havası yoxdur. Tanınmış siyasətçilərdən demək olar ki, seçkiyə qoşulan yoxdur. Partiyalar fəallıq göstərmir. Siyasətdən başı çıxmayan "qaqalar" namizədlik verir. Kənd icra nümayəndəsi ilə bələdiyyənin fərqini bilməyən nə qədər adam bilirsiz sabahkı seçkidə mübarizə aparacaq? Seçki lövhələri kiminsə nəvəsi, kiminsə oğlu, kiminsə qızı, bacısı oğlu, xalası oğlu, nənəsi, babası ilə doludur. Bu, Azərbaycan bələdiyyə sisteminin çöküşünü, ölkədə məhəlli siyasi sistemin tənəzülünü göstərir. Çox heyif. İstəyirsən elin-oban üçün nəsə iş görəsən, bu kimi problemlər bizə mane olur".
Türkan İSGƏNDƏRLİ