"Ortaq coğrafiyada strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur"

 13:05 29.01.2025     175

Ortaq coğrafiyada inkişafı və rifahı dəstəkləyən strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.

O bildirib ki, Türkiyə bu görüşə ev sahibliyi etməkdən məmnunluq duyur:

"Bu formatdakı görüşlər Türküstan, Qafqaz və Anadolunun iqtisadi, nəqliyyat və enerji əlaqələrini gücləndirmək üçün layihələrin həyata keçirilməsi baxımından önəmli platformadır".

Nazir əlavə edib ki, beynəlxalq sistemin dünyanın böyük bir hissəsi üçün sülh, sabitlik və ədalət yarada bilmədiyi bir dövrdür.

"Qlobal gərginliklərin artdığı, dünyəvi dəyərlərin eroziyaya uğradığı yollardan keçirik. Buna qarşı Türk dünyası olaraq bir tərəfdən tarixi əlaqələrimiz fonunda öz daxilimizdə birliyi davam etdirir, digər tərəfdən isə həllin bir parçası olma istiqamətində hərəkət edirik", - o vurğulayıb.