ABŞ-dən deportasiya olunacaq azərbaycanlıları nə gözləyir? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizə gücləndirilib. Amerikada yaşayan Azərbaycan vətəndaşı olan 709 miqrantın ölkəyə deportasiya ediləcəyi gözlənilir.
Bəs onların aqibəti necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov bildirdi ki, immiqrasiya edən şəxslər bir neçə fərqli səbəbdən başqa bir ölkəyə gedirlər:
"Bəziləri təhsil almaq üçün, bəziləri isə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə gedir. Hətta bəzi insanlar həyatlarını həmin ölkəyə bağlamaq üçün köklü şəkildə mülkiyyətlərini satıb, kapital toplayıb başqa bir ölkəyə səfər edirlər. Burada əsas səbəblər iqtisadi məqsədlərlə bağlıdır. Yəni insanların çoxu ya iş, ya da təhsil məqsədilə miqrasiya edir. Bəzi hallarda isə insanlar sağlamlıq problemləri ilə bağlı başqa ölkəyə getməyi seçirlər. ABŞ-yə immiqrasiya edən insanların böyük əksəriyyəti ya təhsil, ya da işlə əlaqəli səbəblərlə gedirlər. Bu şəxslər qanuni yollarla ölkəyə daxil olsalar, sonrakı mərhələlərdə orada qalmaqda problem yaşamazlar və həmin ölkə ilə inteqrasiya prosesində də çətinlik çəkməzlər. Lakin qanunsuz şəkildə ölkəyə daxil olanlar və ya qanuni şəkildə daxil olub sonra müddətini uzatmadan qalmaq üçün icazə almayanlar çətinliklərlə qarşılaşırlar. Bu şəxslərin bir müddət sonra ya ölkə ərazisini tərk etmələri, ya da orada qalmaq üçün müvafiq icazə almaları tələb olunur. Əks halda, onlar qanunsuz miqrant statusuna düşürlər və belə olduqda, müvafiq qurumlar tərəfindən aşkarlanıb deportasiya oluna bilərlər".
Deputatın sözlərinə görə, deportasiya qərarı verildikdə, həmin şəxslərin necə ABŞ-yə gəldikləri nəzərə alınır:
"ABŞ-də qanunsuz şəkildə yaşayan 709 nəfər azərbaycanlı, hansı ki, deportasiya olunur, bu şəxslər müxtəlif dövrlərdə, müxtəlif səbəblərlə ABŞ-yə daxil olublar. Hər birinin vəziyyəti fərqlidir. Deportasiya qərarı verildikdə, həmin şəxslərin necə ABŞ-yə gəldikləri, hansı ölkələrdən keçdikləri, necə yaşadıqları və əlaqələrinin nə dərəcədə güclü olduğu nəzərə alınır. Əgər bir şəxs, məsələn, Meksika və ya Kolumbiya kimi ölkələrdən ABŞ-yə keçibsə, onun deportasiya edilməsi bu ölkələrə olmalıdır. Lakin bu, həmin ölkələrdəki hüquqi mühitə və bu ölkələrin həmin şəxslərə dəstək verib-verməməsinə bağlıdır. Müəyyən hallarda, ABŞ-də deportasiya olunacaq şəxslərin iqtisadi vəziyyəti, xəstəlikləri və digər sosial amillər də nəzərə alınır. Yəni deportasiya qərarı verilməzdən əvvəl hər şeyin təfərrüatları nəzərdən keçirilir. Beynəlxalq hüquqda isə belə bir prinsip var ki, deportasiya zamanı şəxslərin hüquqları pozulmamalıdır. Lakin təcrübə göstərir ki, deportasiya edilən şəxslər, sonradan bu qərarın həyata keçirilməsi zamanı öz hüquqlarının pozulduğunu bildirənlər var. Son olaraq, qanunsuz miqrantların vəziyyəti çox çətindir və onların gələcəkdə qarşılaşacaqları çətinliklər çox olacaq. Onlar hansı ölkəyə gedəcəkləri, ya da öz ölkələrinə, Azərbaycana qayıdacaqları barədə qərar verməlidirlər. Hər birinin vəziyyəti fərqli olduğuna görə, hər bir şəxs üçün də həlli yolları dəyişir".
Azər Allahverənovun fikrincə, ABŞ-də amnistiya tətbiq olunsaydı, miqrantlar bundan faydalana bilərdi.
"ABŞ-də Co Baydenin administrasiyası dönəmində, bəzi qanunsuz miqrantların statuslarının leqallaşdırılması məsələsi gündəmdə olmuşdu. Bu mövzu ilə bağlı Konqresdə müzakirələr aparılırdı. Lakin, hazırda, ABŞ-də respublikaçıların hakimiyyətə gəlməsi ilə miqrantlara qarşı yanaşma dəyişdi. Trampın miqrantlarla bağlı mövqeyi bəllidir. Beləliklə, miqrasiya amnistiyası kimi bir tədbirin həyata keçirilib-keçirilməyəcəyi qeyri-müəyyəndir. Əgər belə bir amnistiya tətbiq olunsaydı, bu insanlar bundan faydalana bilərdi. Lakin indiki vəziyyətdə, bunun baş verəcəyi ilə bağlı hər hansı bir konkret proqnoz vermək çətindir", - deyə həmsöhbətimiz bildirdi.
Türkan İSGƏNDƏRLİ