"Aİ missiyası sərhəddə monitorinq aparmaqla Ermənistan üçün hücum mövqeləri düzəldir" - Deputat

 17:32 31.01.2025     62

Avropa İttifaqı (Aİ) Ermənistandakı missiyasının (EUMA) mandatını daha iki il müddətinə uzadıb. Aİ Şurasının yanvarın 30-da yaydığı məlumata görə, İttifaq ölkələri müşahidə missiyasının fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər.

Qərbin regionla bağlı hansı planları var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Avropa İttifaqının monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyəti ilə bağlı onun mandatının uzadılması sülhün iki il daha yubadılması mənasına gəlir:

"Çünki atılan addım onun göstəricisidir ki, Avropa İttifaqı çox israrlıdır ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq mümkün sülh müqaviləsində bu və ya digər formada öz iştirakını və Cənubi Qafqaza sonrakı mərhələdə müdaxilə etmək üçün özünə bir mexanizmi təmin etmiş olsun. Məsələnin mahiyyəti bundan ibarətdir. Amma bu, Avropa İttifaqının mümkün məqsədlərindən yalnız biridir. Digər ikinci məqsəd isə ondan ibarətdir ki, monitorinq missiyası köhnə hərbçilər və xüsusi kəşfiyyat orqanlarının işçiləri olaraq kifayət qədər təcrübəyə malik olan ekspertlər, peşəkarlardır. Onlar Ermənistan-Azərbaycan sərhədində monitorinq aparmaqla Ermənistan üçün hücum mövqeləri düzəldirlər. Ermənistan ordusuna peşəkar tövsiyələr verirlər və Ermənistan və Azərbaycan arasında mümkün müharibə ssenarisində Ermənistana üstünlük təmin etmək istəyirlər. Məhz həmin Avropa İttifaqının monitorinq missiyası adlandırılan missiya üzvlərinin tövsiyələrindən Azərbaycana hücum məqsədilə Ermənistan xüsusi təyinatlıları relyefə, Azərbaycanın mövqelərinə uyğun silahlar əldə edirlər".

Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının başqa niyyəti Ermənistanda Rusiyanın mövqelərini sıxışdırmağa çalışmaqdır.

"Yəni bunlar həm də Ermənistan ordusuna peşəkar tövsiyələr verən müharibə tərəfdarlarıdır. Avropa İttifaqının monitorinq missiyası bu iki məqsəddən hansını reallaşdırmaq mümkün olarsa, Avropa İttifaqı məhz bu iki variantdan biri ilə öz fəaliyyətini yekunlaşdıracaq. Avropalılar belə düşünürlər ki, hər iki variant onlar üçün Cənubi Qafqazda təkcə Azərbaycana qarşı yox, həm də sülhə qarşı və daim gərginliyi saxlamaq üçün bir təminat yaradacaqdır. Ona görə də mən düşünürəm ki, məhz bu məqsədlə Avropa İttifaqı monitorinq missiyasının səlahiyyətinin daha iki il uzadılması ilə bağlı qərar qəbul etdi. Amma məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, bu qərardan Avropa İttifaqı həm də Ermənistanda Rusiyanın mövqelərini sıxışdırmağa çalışır və bütövlükdə Ermənistandan Rusiyanı birdəfəlik və həmişəlik çıxarmağa çalışır. Amma hadisələrin necə inkişaf edəcəyini biz önümüzdəki mərhələdə görəcəyik. Mən düşünürəm ki, Avropa İttifaqı məqsədlərinin heç birinə sona qədər nail ola bilməyəcək", - deyə H.Babaoğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ