"Tramp fələstinləri öz torpaqlarından çıxarmaq istəyir" - Region yenidən qaynaya bilər

 16:47 31.01.2025     71

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağı sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, fələstənlilərin həyatlarını qorumaq üçün bu yolun vacibliyini qeyd edib. Ancaq Misir və İordaniya xalqı bu təklifə qarşıdırlar.

Bəs Trampın Qəzzanı boşaltmaq istəyinin əsas məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, bu qədər insanın köçürülməsi çətin prosesdir:

"Tramp fələstinlilər Qəzzadan Misir və İordaniyaya köçürmək məsələsi ilə yenə gündəmə gəlir. Amma burada məsələ Trampın nə dediyi deyil, burada məsələ fələstinlərin nə istədiyidir. Bu torpaqların sahibləri onlardır. Belə bir şey əgər gündəmə gəlirsə, burada yenə başqa bir sual ortaya çıxır ki, Misir və İordaniya buna niyə razı olsun? Bu qədər insanı qəbul etmək, həm də onların yerləşdirilmə məsələsini gündəmə gətirir. Üstəlik, bu şəxslərin iş məsələsi var. Bunlar ciddi məsələlərdir".

Turan Rzayev: “İsrail Livanla deyil, terror təşkilatını kimi tanıdığı “Hizbullah”la mübarizə aparır”

Politoloqun sözlərinə görə, Tramp bu təklifi ilə regionda ciddi konfliktlər yarada bilər.

"Tramp bu təklif verərək fələstinləri bir növ öz torpaqlarından çıxarmaq istəyir. Bununla da əslində İsrailin öz məqsədlərinə çatacağını düşünür. Amma bu, əksinə, regionda daha ciddi konfliktlər yarada bilər. Ən əsası Türkiyə bu məsələdə səssiz qalmayacaq. Yəni belə bir təkliflə Tramp nəbz yoxlamaq istəyir, amma bu, region üçün çox ciddi problemlərə gətirib çıxara bilər. İsrail-Türkiyə, İran-İsrail gərginliyini daha da artırar və Misir və İordaniyanın da bu məsələdəki mövqelərinin isti olacağını düşünmürəm. Trampın bu təklifi ölü doğulmuş uşaq kimi bir şeydir və icrası qeyri mümkündür", - deyə Turan Rzayev vurğuladı.

Türkan İSGƏNDƏRLİ