Sahibə Qafarova MM-in yaz sessiyasında görüləcək işlərdən DANIŞDI
"Bildiyiniz kimi, yeddinci çağırış Milli Məclis ötən sessiyasını uğurla başa vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülmüşdür. Xatırladım ki, birinci sessiyanın yekunları barədə mən sizi ətraflı məlumatla tanış etmişdim".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova 2025-ci il fevralın 3-də parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Spiker qeyd edib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib:
"Deputatlarımız Asiya Parlament Assambleyasının komitə iclasında, ATƏT-in Parlament Assambleyasının büro iclasında, Şimali Kipr Türk Respublikasında keçirilən simpoziumda iştirak etmiş, Belarus Respublikasında Prezident seçkilərini müşahidə etmişlər.
Yanvar ayının 21-də və 22-də Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşlərimiz oldu.
Ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edildi. İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğu, ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirildi.
Eyni zamanda, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin böyük önəm daşıdığı bildirildi. Bu baxımdan Azərbaycanın, xüsusən Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyəti vurğulandı.
Görüşlərdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barəsində də fikir mübadiləsi aparıldı.
Parlament nümayəndə heyəti Romada Azərbaycan Səfirliyini və Səfirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini də ziyarət etdi.
Orada biz Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, möhtərəm Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycan barəsində çap olunmuş kitablar ilə bağlı fotosərgilər, Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr edilmiş Azərbaycan mədəniyyətinə və incəsənətinə dair kitablar ilə tanış olduq. Eyni zamanda, biz Milli Məclisdən də bir sıra kitablar aparmışdıq, onları həmin mərkəzə hədiyyə kimi təqdim etdik.
Hesab edirəm ki, İtaliyaya rəsmi səfər uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm".
Sahibə Qafarova qeyd edib ki, sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir beynəlxalq tədbir – Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri komitələrinin sədrləri, üzvləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.
"Milli Məclisdə bu ərəfədə iki ictimai dinləmə keçirilmişdir. Belə ki, yanvarın 30-da Səhiyyə komitəsinin keçirdiyi dinləmə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr edilmişdi.
Tədbirdə Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin rəhbərliyi və digər şəxslər iştirak etmişlər.
Elə həmin gün Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Gənclər Fondunun şöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirak etmişlər", - deyə sədr bildirib.
Spiker deyib ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanıb və bu gün müzakirə ediləcək:
"Bu sessiyada biz qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.
Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2024-cü ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələrini də dinləyəcəyik.
Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək.
Sessiyada sizin hamınıza uğurlar arzulayıram".
Türkan İSGƏNDƏRLİ