Bu əməliyyat terror törətmək istəyənlərə ciddi mesajlar verdi - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə radikal dini-ekstremist qruplaşma üzvlərinə qarşı görülən tədbirlər nəticəsində 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib. Onların Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
Bəs bu qrupun arxasında hansı qüvvələr dayanır və vaxtında tədbirlər görülməsə hansı təhlükələr yarana bilərdi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri əməliyyat nəticəsində bir qrup terrorçunun zərərsizləşdirilməsi hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi baxımından fövqəladə əhəmiyyətlidir:
"Çünki terror hər yerdə ən qəddar faciə törətməyə qadirdir və çox təəssüf ki, bu günə qədər əksər hallarda dünyanın müxtəlif ölkələrində terror baş verdikdən və insanların faciəsi qaçılmaz olduqdan sonra biz xəbər tuturuq. Amma çox qürurvericidir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti terror baş vermədən öncə anbarı aşkar edib, onlara qarşı birgə xüsusi əməliyyat müəyyənləşdirilibdir və onlar zərərsizləşdiriliblər. Bu, bir daha bizim Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin nə qədər peşəkar bir əməliyyat həyata keçirdiyinin göstəricisidir. Bu, həm də nəticə etibarilə Azərbaycan dövlətinin, xalqımızın təhlükəsizliyidir. Biz bilirik ki, bəzi radikal-siyasi mərkəzlər terror təşkilatlarını yaradaraq, onlardan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Azərbaycana münasibətdə də belə olubdur. Biz hələ 1990-cı illərin əvvəllərindən başlayaraq, hətta Bakı şəhərində belə terror hadisələrinin törədildiyinə şahid olmuşuq. Xatırlayırsınızsa, "meşə qardaşları" vaxtilə Bakı metropolitenində də terror hadisəsi törətmişdilər".
Deputatın sözlərinə görə, bu birləşmələrin arxasında Azərbaycanın güclü olmağını və regionda sabitliyi istəməyən qüvvələr dayanır.
"Bunların arxasında kim durur məsələsinin cavabı bir variantdan ibarət deyil. Bunun çoxsaylı cavabları var. Birincisi, Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəməyənlər, güclü Azərbaycanı görmək istəməyənlər və Azərbaycanda sabitliyi pozmaq istəyənlər bu terrorun arxasında dura bilərlər. Biz təqribən bilirik bu mərkəzlər kimdir. Elə kimin dura biləcəyi ilə bağlı subyektləri sadalayanda bəlli olur ki, kim Azərbaycanın güclü olmağını istəmir, kim regionda sabitliyin pozulmağını istəyir. Belə qüvvələr həm Qərbdə var, bunların başında erməni lobbisi, dünya erməniçiliyi və islamofob mərkəzlər gəlir. Belə qüvvələrin başında, eyni zamanda bizim iki gündən bir ərazi bütövlüyümüzü, sərhəd təhlükəsizliyimizi təhdid edən qonşu ölkələrimizdən biri gəlir. Ona görə də mən düşünürəm ki, "meşə qardaşları" terrorçu qruplaşmasının arxasında kimin durduğuna bağlı konkret fikirlər səsləndirmək, bəlkə doğru olmazdı, bəlkə heç lazım da deyil. Amma bütün hallarda o mərkəzlərin hər biri bir daha gördülər ki, Azərbaycan təhlükəsizlik orqanları necə əməliyyat həyata keçirməyi bacarırlar və düşünürəm ki, bu əməliyyatın bir də bir xüsusi əhəmiyyəti ondan ibarətdir ki, terror törətməyə cəhd göstərən hər hansı bir qruplaşma və yaxud hər hansı bir kəs öz aqibətini görsün ki, hansı şəkildə olacaq", - deyə H.Babaoğlu vurğuladı.
Türkan İSGƏNDƏRLİ