"İranın bu gün qonşu dövlətlərin içində yeganə yaxşı münasibəti Azərbaycanladır" - AÇIQLAMA
Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi İranda səfərdə olub və bir sıra vacib görüşlər keçirib. O, həmçinin İran Prezidenti Məsud Pezeşkianla da müzakirələr aparıb.
Politoloqlara görə, bu, Azərbaycan-İran münasibətlərinin yaxşılaşması istiqamətində mühüm addım sayıla bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın İrana qarşı həmişə mehriban qonşuluq siyasəti yürütməsinə baxmayaraq, zaman-zaman İran tərəfindən bu münasibətlərə neqativ təsir edən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycanla İranın mehriban qonşuluq münasibətlərindən başqa alternativi yoxdur və bu məsələdə Azərbaycan İrana qarşı həmişə bunu əsas prinsip kimi götürüb:
"Azərbaycan heç bir zaman İran əleyhinə kampaniyalarda iştirak etməyib, öz ərazisindən İrana qarşı istifadə edilməsinə razılıq verməyib. İrana qarşı hər hansı bir sanksiyaları, boykotu Azərbaycan qəbul etməyib. Bu, bizim qonşumuzdur və onunla yaxşı münasibətlər olmalıdır. Amma təəssüf ki, zaman-zaman İran tərəfdən Azərbaycanın bu xoş münasibətinə lazımi qiymət verməyən qüvvələr olub. Təəssüf ki, zaman-zaman Azərbaycana qarşı aqressiv bəyanatlar səsləndirən rəsmi dairələr, hətta deputatlar olub, müstəqilliyimizi şübhə altına almağa çalışıblar. İki il bundan əvvəl isə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu münasibətlərin çox ciddi bir böhran nöqtəsi idi. İran Azərbaycan səfirliyinin təhlükəsizliyini qorumadı, bir terrorçunun cinayətinə dəstək verdi. Hətta terrorun axşamı günü həmin terrorçunu televiziya kanallarına çıxararaq, onun hədyan fikirlərinə şərait yaratdı. Aydın məsələdir ki, bu, münasibətlərimizə müəyyən soyuqluq gətirdi və bunun ağrısını ilk növbədə İran hiss etdi. İranın bu gün qonşu dövlətlərin içində yeganə yaxşı münasibəti Azərbaycanladır. Bu baxımdan İran tərəfi son dövrlərdə Azərbaycana qarşı aqressiyasını səngiyib, Azərbaycanla xoş münasibətlər qurmaq istəyini vaxtaşırı ifadə edir və Azərbaycan da buna lazımi cavab verir".
Deputatın sözlərinə görə, münasibətlərin yenidən mehriban qonşuluq çərçivəsində inkişaf etməsi regionun təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verə bilər.
"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri İran-Azərbaycan münasibətlərinin normal məcraya yönəlməsində çox əhəmiyyətli bir məsələ oldu. Çoxsaylı görüşlərdə Azərbaycan-İran münasibətlərini daima müsbət məcrada saxlamaq barəsində qərara gəlindi. Azərbaycan tərəfdən bu məsələdə hər hansı bir problem yoxdur. Söz İran tərəfinindir və Azərbaycan rəsmisinin İran prezidenti tərəfindən qəbul edilməsinin özü də İranın Azərbaycanla yaxşı münasibətlərə maraq göstərdiyinin bir sübutu oldu. Bundan sonra münasibətlərimizin yenidən mehriban qonşuluq münasibətləri məcrasında gedəcəyini istəyirik. Zaman göstərəcək ki, İran tərəfi nə dərəcədə Azərbaycanla münasibətlərdə səmimidir. Bizim görəcəyimiz bir çox birgə işlər var. Bizim regionda təhlükəsizliyin təmin edilməsində çox böyük rolumuz var. Bizlər birgə iqtisadi layihələr həyata keçirə bilərik. Bizlərin birgə layihələri 100 minlərlə yeni iş yeri yaranmasına, büdcənin böyüməsinə səbəb ola bilər və hesab edirəm ki, bu münasibətlərin bundan sonra yüksək xətlə getməsi üçün bütün potensial və imkanlar var", - deyə A.Mirzəzadə bildirdi.
Türkan İSGƏNDƏRLİ