İrana qarşı “maksimum təzyiq”in sonrakı nəticələri necə olacaq? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra bir sıra mühüm qərarlar alıb. Həmin qərarlar beynəlxalq və qlobal münasibətlərə ciddi təsir göstərir. Bunlardan biri də İranla bağlıdır. Belə ki, Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.
Bəs bu, tərəflər arasında münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, yaxın gələcəkdə bu istiqamətdə kifayət qədər ciddi problemlər mövcud olacaq. Onun fikrincə, xüsusilə də yaxın dörd il ərzində ABŞ-İran münasibətləri maksimum həddə qədər kəskinləşəcək:
"Bu, onu göstərir ki, ABŞ-də hakim dairələr İranı ciddi problem hesab edirlər və bu problemi həll etmək niyyətində qəti olduqlarını, prinsipial olduqlarını nümayiş etdirməyə çalışırlar. Bu baxımdan ABŞ-nin bundan sonra İrana qarşı bütün istiqamətlər üzrə təzyiqləri artıracağı artıq aydınlaşmış oldu. Xüsusilə də İranın enerji resurslarına yönəlik sanksiyaların gücləndirilməsi və əlavə sanksiyaların da tətbiq olunması qətiyyən istisna deyildi. Eyni zamanda İranın hərbi sənaye kompleksinin fəaliyyətini iflic vəziyyətinə salmaq üçün də müəyyən addımlar atıla bilər. Böyük ehtimalla ilkin mərhələ İranın maksimum səviyyədə zəiflədilməsi istiqamətində addımlar atılacağı gözlənilir və bundan sonrakı mərhələdə daha sərt, daha konkret addımların və yaxud da planların işə düşmə ehtimalı da istisna deyil".
Politoloqun fikrincə, bütün bunlara baxmayaraq, ABŞ hələ münaqişəyə girməkdə maraqlı deyil.
"Çünki Amerika Birləşmiş Ştatları birbaşa hər hansı dövlətlə savaşa, silahlı münaqişəyə girməkdə maraqlı deyil. İlk növbədə hərbi və siyasi hədəfləri iqtisadi faktorlar üzərindən çökdürməyə, zəiflətməyə və təsirsiz vəziyyətə gətirməyə çalışırlar. İranla bağlı siyasətin də məhz iqtisadi faktorlar üzərindən aparılacağı gözlənilir. İrana qarşı iqtisadi sanksiyalar, eyni zamanda idxal-ixrac prosesi və ticari məhdudlaşdırmalar İrana qarşı atıla biləcək ABŞ-nin əsas adamları hesab olunur. Bunun hansı səviyyədə təsirli olacağını isə zaman keçdikcə müəyyən eləmək olacaq. Yəni ümumi anlamda hesab eləmək olar ki, yaxın dörd il ərzində ABŞ-İran münasibətləri nizamlanmaq əvəzinə daha da kəskinləşmə istiqamətində inkişaf edə bilər", - deyə Elçin Xalidbəyli qeyd etdi.
Türkan İSGƏNDƏRLİ