"Avropa İttifaqı Ermənistanı revanşa hazırlayır" - AÇIQLAMA

 17:35 05.02.2025     89

Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Avropa İttifaqının (Aİ) mülki missiyasını yerləşdirməməyə hazırdır.

Qeyd edək ki, ötən ay Avropa İttifaqı missiyasının Ermənistanda daha iki il qalması ilə bağlı qurum tərəfindən qərar qəbul edilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi ekspert Elşad Mirbəşiroğlu mülki missiyanın məqsədinin regionda sülh və sabitlik yaratmaq deyil, əksinə, Azərbaycanın ərazilərində olan təhlükəsizliyi pozmaq olduğunu bildirdi:

"Lap əvvəldən mənim mövqeyim ondan ibarət olubdur ki, Avropa İttifaqının mülki missiyası region üçün yaxşı nəsə vəd etmir. O vaxt - 2022-ci ildə Azərbaycan Avropa İttifaqının mülki missiyası ilə sadəcə olaraq əməkdaşlıq etməyə razı oldu. Amma mülki missiya Ermənistanın ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul oldu. Hətta bir neçə dəfə də Ermənistanın təxribatları elə mülki missiyanın müşayiəti altında olduğu haqqında informasiyalar da yayılmış oldu və bu baxımdan mülki missiyanın delimitasiya olunmuş sərhədlərdə yerləşdirilməsinin müsbət töhfə verəcəyini düşünmürəm. Burada bundan başqa mülki missiyanın müddəti artıq üçüncü dəfə uzadıldı və son iki dəfə uzadılanda da Azərbaycanla heç bir razılıq əldə olunmadı. Vaxtilə mülki missiyanın tərkibi 40 nəfərdən ibarət idi. Bu gün artıq Avropa İttifaqının mülki missiyası 165 nəfərdən ibarətdir. Həm də artıq onun tərkibinə diqqət yetirsək görərik ki, NATO faktiki olaraq Azərbaycan-Ermənistan sərhədlərində yerləşdirilir. Sərhədlərin bir sıra ərazilərində, ayrıca olaraq Naxçıvan istiqamətində Ermənistan tərəfi səngər qurğuları yaratmaqdadırlar və bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü ədalətli şərtlər əsasında sülh müqaviləsi bağlamaq fikrində deyil. Yəni bu günə qədər sülh prosesini irəli aparan Azərbaycanın iradəsidir, Azərbaycanın gücüdür, güc mövqeyidir".

Ekspert Qərbin, eləcə də Fransanın Ermənistana verdiyi silahlarla və dəstəyi ilə bu təxribatlara olan müdaxiləni gücləndirdiyini vurğuladı.

"Ermənistan hər vasitə ilə zaman udmağa çalışıbdır. Reallıq bundan ibarətdir ki, Avropa İttifaqı Ermənistanı revanşa hazırlayır. Yəni burada aparıcı ölkə olan Fransanın Azərbaycana münasibətdə qərəzli mövqeyi göz önündədir və Ermənistanı təhlükəli hücum silahları ilə silahlandırır. Bu baxımdan da, Avropa İttifaqı mülki missiyasının Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi, düşünürəm ki, hər hansı bir müsbət məqama xidmət etməyəcəkdir. Çünki Avropanın bütün davranışlarını analiz edərək o qənaətə gələ bilirik ki, onlar Ermənistana zaman qazandırmağa çalışırlar. Ermənistanın müxalifəti də, iqtidarı da revanşçı mövqedən çıxış edirlər. Yəni bütün bunlar artıq göz önündə müəyyən bir mənzərəni formalaşdırır. Bu baxımdan hesab edirəm ki, yalnız Azərbaycanın ədalətli şərtləri yerinə yetiriləcəyi təqdirdə regionda etibarlı dayanıqlı sülh əldə etmək mümkün olacaq", - deyə E.Mirbəşiroğlu vurğuladı.

Türkan İSGƏNDƏRLİ