"Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini qoruyur" - Deputat
![](https://img.redaktor.az/news/2025/02/photo_269515.webp?v=MjA6NDIyMDI1LTAyLTA2IDE4OjI2OjQ2)
Prezident İlham Əliyevin sərəncamı ilə Ukraynaya humanitar yardım ediləcək. Belə ki, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycanın Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirdi ki, Azərbaycanın beynəlxalq siyasəti balanslaşdırılmış xarakter daşıyır:
"Ukrayna-Rusiya müharibəsi başladığı gündən etibarən Azərbaycan mütəmadi olaraq Ukraynaya humanitar yardımlar göndərir və bu günlər də humanitar yardımların növbətisi həyata keçirilməkdədir. Buna paralel olaraq Rusiya ilə Azərbaycan arasında dostluq, qonşuluq və strateji əməkdaşlıq mövcuddur. Bu münasibətlərin də həmişə yaxşı səviyyədə olması üçün həm Azərbaycan, həm Rusiya çalışıbdır".
Deputatın sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun hərəkət edir və bu yardımların Rusiya ilə münasibətlərə mənfi təsir göstərməsi ehtimalı yoxdur.
"Mən düşünürəm ki, humanitar yardımların göstərilməsi Rusiya Azərbaycan münasibətlərində heç bir problem yaradası deyil. Çünki bu günə qədər də humanitar yardımların göndərilməsi zamanı Rusiya tərəfi bunu heç vaxt gündəmə gətirməyib və Azərbaycana qarşı hər hansı bir fikir səsləndirməyib. Mən düşünürəm ki, həm Ukrayna ilə münasibətlərimiz normal səviyyədə qorunub saxlanılacaq, eyni zamanda Rusiya ilə münasibətlərin qorunub saxlanması üçün daim iş aparılacaq", - deyə N.Həmzəyev bildirdi.
Türkan İSGƏNDƏRLİ