Tramp fələstinliləri başqa yerə köçürüb, Qəzzada yəhudi məskəni qurmaq istəyir - AÇIQLAMA
![](https://img.redaktor.az/news/2025/02/photo_269615.webp?v=MjA6MDAyMDI1LTAyLTA3IDE3OjE5OjA5)
ABŞ Prezidenti Donald Tramp müharibədən zərər çəkmiş ərazidəki fələstinliləri qonşu İordaniya və Misirə köçürmək niyyətinin ciddi olduğunu bildirib. O, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra etiraf edib. Elə görüş vaxtı Trampın Netanyahuya qarşı səmimi hərəkətləri də ABŞ-nin Yaxın Şərqdə mövqeyini göstərir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, Tramp Qəzzada yəhudi məskəni yaratmaq istəyir.
"Donald Trampın Qəzza məsələsi ilə bağlı mövqeyi, təbii ki, oranın tamamilə boşaldılması məsələsinə xidmət edir. Burada iki məqam var. Birinci növbədə iki milyona yaxın fələstinlinin Misir və İordaniyaya köçürülməsidir. Düzdür, Misir və İordaniya hələ ki, onları qəbul etmək istəmir, ancaq Tramp kral Abdullah və Misir Prezidenti Əbdülfəttah Əs-Sisiyə təzyiq göstərəcək ki, həmin şəxsləri qəbul etsin. Burada əsas məqsəd Qəzzanın boşaldılması və tikililərin dağıdılaraq orada yeni yaşayış məskənlərinin salınmasıdır. Böyük ehtimalla Amerika Birləşmiş Ştatlarının salacağı yaşayış məskənləri də yəhudi yaşayış məskənləri olacaq. Yəni yəhudilərin yaşaması üçün olacaq və İsrail tərəfindən ABŞ-yə ilhaq olunacaq. Çünki yeni yaşayış məskənlərinin salınmasından sonra fələstinlilərin qaytarılması məsələsi yoxdur. Əksinə, Tramp deyir ki, daha təhlükəsiz və yaxşı yerlərə köçürülməlidir. Guya bunları Fələstinə iltifat kimi deyir, amma adamları öz dədə-baba, illərdir yaşadığı torpaqlardan məhrum edir.
İkinci bir məsələ HƏMAS-ı bitirməkdir. HƏMAS-ın əsas gücü məhz Qəzza ilə bağlıdır. Yəni oradakı tikililər HƏMAS-a güc verirdi. Orada yeraltı tunellər var, hansı ki, İsrailə qarşı müqavimətdə məhz bu əsas idi. Qəzzanın sökülməsindən sonra böyük ehtimalla həmin tunellər də söküləcək və HƏMAS-ın aqibəti pis olacaq. Yəni HƏMAS-ın artıq məhv edilməsi istiqamətində addımlar atılacaq. Bu, eyni zamanda Hizbullaha da böyük ölçüdə təsir göstərəcək və HƏMAS-ın arxasınca ABŞ və İsrail Hizbullahı da məhv edəcək. Yəni Qəzzanın köçürülməsi ilə ABŞ demək olar ki, bir güllə ilə iki quş vurur. Bir tərəfdən Qəzzanı İsrailə təhvil verir. İkinci tərəfdən də HƏMAS-ın bitirilməsi istiqamətində addımlar atır", - deyə siyasi şərhçi qeyd etdi.
Politoloqun sözlərinə görə, Qəzza haqqında qərarları ABŞ və İsrail yox, Fələstin verməlidir.
"Maraqlıdır ki, Tramp Qəzza məsələsini İsrail ilə danışaraq həll etmək istəyir. Yəni Qəzzanın dağıdılması istiqamətində İsraildən razılıq almaq istəyir. Halbuki Qəzza sektoru Fələstin muxtariyyətinə aiddir. Paytaxtı Ramallah şəhərində yerləşən administrasiya buna razılıq verməlidir. Bu, bir daha Amerika Birləşmiş Ştatlarının tamamilə qeyri-konstruktiv mövqeyini göstərir və çox təəssüflər olsun ki, ABŞ-dən güc alan İsrail də Fələstin torpaqlarının işğalını və öz tərkibinə qatılmasını, qanunsuz yaşayış məskənlərinin salınmasını davam etdirəcək. Çünki vaxtilə elə Tramp 2016-2020-ci illərdə prezident olarkən Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaqla Yaxın Şərqdə ədalətsizliyi büruzə verdi. Halbuki beynəlxalq birlik tərəfindən mübahisəli ərazidir və bir çox ölkə tərəfindən Fələstinin paytaxtı kimi tanınır. Yəni bu siyasət hazırda daha da genişləndirilmiş şəkildə davam edəcək. Həmçinin İordan çayının şərq sahilləri və Qəzza bölgəsində İsrail tərəfindən ilhaq olunması prosesi baş verəcək", - deyə Zeynal Əmrəliyev bildirdi.
Türkan İSGƏNDƏRLİ