Fransanın Ermənistanı silahlandırması özü üçün təhlükələr yaradır - AÇIQLAMA

 14:17 10.02.2025     238

"Fransanın Ermənistanı sürətlə silahlandırmaq cəhdləri regionda sülhün və təhlükəsizliyin dayaqları üçün təhdid yaratmaqdadır. Lakin Fransa regionda məğlub durumdadır. Bunun səbəbi Fransanın Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları geri oxuda bilmək üçün resurs və potensialının olmamasıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Aqşin Kərimov Fransanın Ermənistanı “Bastion” zirehli transportyoru və “SEZAR” artilleriya qurğusu ilə təmin edəcəyi barədə informasiyaları şərh edərkən bildirdi.

"Üstəlik, Fransa beynəlxalq sistemdə öz nüfuzunu kifayət qədər itkilərə məruz qoyub. Onun atdığı addımlar NATO daxilində də dəstəklənmir. Ona görə də, Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yaratdığı mənzərəyə qarşı durmaqda çətinlik çəkir. Azərbaycanın Böyük Britaniya, Rusiya, Çin, ABŞ ilə münasibətləri Fransanın Cənubi Qafqazdakı fəallığının qarşısında baryer rolunu oynamaqdadır", - deyə o qeyd etdi.

Aqşin Kərimovun sözlərinə görə, təklənmiş vəziyyətdə qalan Fransa isə Ermənistan vasitəsilə regionda öz maraqlarını reallaşdırmağa çalışır.

"Lakin bunun ciddi nəticə verəcəyi şübhəlidir. Bu səbəbdən Fransanın Ermənistanı silahlandırması Ermənistanın özü üçün daha ciddi təhdid və təhlükələr yaradır. Çünki Azərbaycan Ermənistanla sərhəddə kifayət qədər böyük bir ərazidə strateji məntəqələrə nəzarət edir. Azərbaycanın Ermənistanla sərhəddə kəşfiyyat və vizual nəzarət imkanları güclüdür. Bunların fonunda Fransanın Ermənistanı silahlandırması Azərbaycanın əldə etdiyi qələbəni geri qaytarmaq gücündə deyil", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI