"Rusiya bu cinayətə görə cavab verməlidir" - Fazil Mustafa
![](https://img.redaktor.az/news/2025/02/photo_269919.webp?v=MDU6MjMyMDI1LTAyLTEwIDE2OjIxOjMz)
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu təsdiqlənsə də, Rusiya tərəfi hələ də bu hadisəyə görə məsuliyyəti üzərinə götürmür. Əksinə, təyyarəmizi vurduqları, günahsız insanların ölümünə səbəb olduqları az deyil, üstəlik Rusiya mediası və Dövlət Dumasının tezislə danışan deputatları anti-Azərbaycan fəaliyyətinə başlayıblar. Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyev kimilər azərbaycanlıların Rusiyadan qovulması təklifi ilə çıxış edirlər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, Rusiya məsuliyyətini qəbul edərək, günahkarları cəzalandırmalı və kompensasiya ödəməlidir. Onun sözlərinə görə, çox ciddi bir cinayət hadisəsi baş verib və bu hadisənin də detallarına qədər araşdırılması həm Rusiya üçün, həm də Azərbaycan üçün önəmlidir:
"Çünki Rusiya öz imicini, prestijini qorumaq üçün bu addımı mütləq atmalıdır. Bütün məsuliyyətli, günahkar şəxslərin cəzalandırılmasını təmin etməlidir və kompensasiya ödəməlidir. Azərbaycanın tələbi budur. Günahsız insanlar heç bir əsas olmadan öldürülüblər və sərnişinə qarşı belə bir cinayətin törədilməsi yolverilməzdir. Amma digər tərəfdən də Rusiyanın hər hansı bir şəkildə Azərbaycana bu mövzu ilə bağlı irad bildirməsi üçün də heç bir əsas yoxdur. Yəqin ki, məsələ ətrafında müzakirələr müəyyən mənada pozitiv bir sonluqla nəticələnir. Amma konkret cinayət əməlinə görə mütləq cavab verilməlidir və bu istiqamətdə konkret işlər görülməlidir. Ona görə də bu məsələ ilə bağlı hər hansı bir şəkildə məsuliyyətdən yayınmaq mümkün deyil".
Fazil Mustafa Azərbaycanın gərginlik istəmədiyini, lakin lazım olarsa, məsələyə ciddi yanaşılmasının vacib olduğunu vurğuladı.
"Azərbaycan yenə də Rusiya ilə qonşuluq münasibətlərini normal saxlamağa maraqlı ölkədir. Amma hər hansı bir şəkildə bu dostluğa, müttəfiqliyə yaraşmayan hansısa bir addım varsa, əhəmiyyət vermədən keçmək mümkün deyil. Hər halda indiki Rusiya hakimiyyəti bu məsələdə bir mövqe ortaya qoyub, Azərbaycanı narahat edən məsələlərlə bağlı bu proseslərə aydınlıq gətirməlidir. Hər halda biz gərginləşmənin tərəfdarı deyilik. Çünki bütün qonşularla normal münasibətlər saxlamağa maraqlıyıq, o cümlədən Rusiya ilə. Amma elə faktlar, elə hadisələr olur ki, orada artıq müəyyən dərəcədə bu hüquq pozuntusunun olması, çox ciddi, narahatedici məsələlərdir. Rusiya mühitində bunu qızışdırıcı çıxışlarla sanki daha da dərinləşdirmək, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsini istəyirlər. Amma bu da faydasızdır. Biz, yəni daha çox həqiqətin üzə çıxmasının tərəfdarıyıq və bu baxımdan da məsələlər bu kontekstdə müzakirə olunmalıdır", - deyə komitə sədri bildirdi.
Türkan İSGƏNDƏRLİ