"Valuyevin 15 yaşından bəri baş məşqçisi erməni olub" - Aydın Mirzəzadə

 15:33 12.02.2025     82

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub. Buna səbəb onun Azərbaycan və Azərbaycan xalqına qarşı işlətdiyi təhqiramiz və təhdid xarakterli fikirlər söyləməsidir. 

Mövzu ilə bağlı deputat Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Valuyevin mövqeyi təsir altında formalaşıb:

"Nikolay Valuyev parlament deputatı olsa da, o, siyasətçi deyil. O, idmançıdır, Olimpiya hərəkatının iştirakçısıdır və siyasət haqqında elə dərin bir fikirləri yoxdur. Bir şeyi də bilmək lazımdır ki, Valuyevin 15 yaşından bəri baş məşqçisi erməni əsilli insandır. Ola bilsin, onun təsiri altında, onun tapşırığı ilə belə bir çıxışlar edib. Maraqlısı budur ki, onun Azərbaycana girişinə qadağa qoyandan sonra o, ciddi narahatçılıq keçirdiyi barədə məlumat verib. Azərbaycandan sorğu istəyir. Bunun niyə baş verməsini hələ də başa düşmür. Əgər bu belədirsə, əlbəttə, onunla işləyib onu düz yola qaytarmaq olar".

Deputatın fikrincə, əgər kimsə Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirirsə və xalqımızı təhqir edirsə, onun cavabı verilməlidir.

"Amma belədə isə Azərbaycandan kənar, Azərbaycanla bağlı qərəzli fikirlər söyləyən, Azərbaycan xalqını təhqir edən kimlərsə olacaqsa, ən yumşaq cavab onun Azərbaycana girişinə qadağa olacaq. Digər tərəfdən isə xaricdə yaşayan diaspor nümayəndələrimiz həmin anti-Azərbaycan mövqeyi ilə seçilən insanlara öz sərt mövqeyini bildirirlər. Ən yaxşı cavab isə Azərbaycan dövlətinin güclənməsi, beynəlxalq birlikdə nüfuz qazanmaq, iqtisadiyyatımızın inkişafı və milli birliyimizin olmasıdır. Bu, Azərbaycan əleyhinə çıxışlar edənlər üçün çox layiqli bir cavabdır", - deyə A.Mirzəzadə vurğuladı.

Türkan İSGƏNDƏRLİ