"Ermənistan həqiqi sülh istəyirsə, ərazisində üçüncü qüvvələrin iştirakını dayandırmalıdır" - Deputat
![](https://img.redaktor.az/news/2025/02/photo_270185.webp?v=MTg6MDgyMDI1LTAyLTEyIDE1OjQ4OjMw)
Avropa İttifaqı (Aİ) Ermənistandakı mülki missiyasının müddətini daha iki il uzadıb. Bununla paralel olaraq Ermənistan Fransa, ABŞ kimi ölkələr tərəfindən silahlandırılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsini ən azından 2027-ci ilin yanvar ayına kimi, yəni Aİ missiyasının Ermənistanda olduğu müddətə qədər imzalamaq niyyətində deyil.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar İskəndərov Ermənistanın sülh müqaviləsi imzalamaqdan qaçdığını, özünü sülh carçısı kimi göstərməyə çalışsa da, əməlində heç bir dəyişiklik olmadığını bildirdi. Onun sözlərinə görə, Ermənistan yaradıldığı gündən bu zamana qədər özünün işğalçılıq mahiyyətini gizlədə bilmir:
"30 ilə yaxın qonşusu olan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxladı, Azərbaycan insanına qarşı soyqırım törətdi, tarixi, mədəniyyət abidələrini dağıtdı, kultrasid, urbasid, ekosid, demək olar ki, bütün bəşəri cinayətlərin hər birini Azərbaycana qarşı törətdi. 2020-ci il Vətən müharibəsindəki Azərbaycanın şanlı qələbəsi bu məsələlərə son qoydu və artıq Azərbaycan tam suveren ərazisini bərpa etdi. Yalnız Ermənistan yox, bir növ özündən razı dünya erməniliyinin bel sütununu sındırdı və onlara bir daha göstərdi ki, Azərbaycanın gücünün qarşısında, Ali Baş Komandanın qətiyyətinin, ağlının, zəkasının, ordusunun, qəhrəmanlığının, xalqın birliyinin qarşısında heç nə dura bilməz və bu, sözün əsl mənasında qəhrəmanlıq dastanına çevrildi. Bu gün həmin qələbənin sayəsində Azərbaycan insanına dünyanın ən qürurlu insanı desək, yanılmarıq. Təəssüflər olsun ki, artıq Azərbaycanın qələbəsindən dörd il vaxt keçməsinə baxmayaraq, Azərbaycan sülh müqaviləsi imzalanması üçün müraciət etməsinə baxmayaraq hələ də bu və ya digər formada Ermənistan müqaviləni imzalamaqdan qaçır, sözdə sülhdən danışır, bütün dünyaya özünü sülh carçısı kimi göstərmək istəyir, amma əməlini gizlədə bilmir. Paralel olaraq sürətlə silahlanır və bu silahların böyük əksəriyyəti öldürücüdür, uzaq mənzilli raketlərdir. Bu isə bu dövlətin hələ də mahiyyətində saydığımız tendensiyaların olduğunu göstərir".
Millət vəkili vurğuladı ki, Ermənistan ərazisindəki xarici hərbi qüvvələr bölgədə sülhün təmin olunmasına mane olur və sülh müqaviləsinin imzalanması üçün onların oradan çıxarılması vacibdir.
"Digər məsələ ərazisini plastarma çevirməyi öyrənən bu ölkənin ərazisində Rusiyanın hərbi bazası, Fransa əsgərləri, Müdafiə Nazirliyində ABŞ-də olan nümayəndələr və Avropa İttifaqının təxribatçı missiyası ki, onlar hal-hazırda orada məskunlaşıblar. Təəssüflər olsun ki, bu missiyanın müddətini iki il də uzadıblar. Sülh müqaviləsinin imzalanması üçün onların orada olmaması şərtdir. Çünki yalnız bu təxribatçı keçmiş və indiki kəşfiyyatçılar, təqaüdə çıxmış agentlər qrupu orada olmaqla iki ölkənin arasında münasibətlərin normallaşmasına mane olurlar. Onlara ilhamverici qüvvə, Fransa və Avropa İttifaqı və bir çox maraqlı olan qüvvələr hələ də Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmaması üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Avropa İttifaqının mülki missiyası Ermənistanda fəaliyyətini uzatmaqla bir daha öz təxribatçı mahiyyətini ortaya qoydu və açıq aydın bu, o deməkdir ki, onlar bölgədə sülhün əldə olunmasını istəmirlər. Bununla Ermənistana ən böyük pislik edilir. Ermənistan buna razı olmaqla, onları ərazisində saxlamaqla kövrək olan sülhə ciddi mane olduğunu bir daha göstərir. Ona görə də biz Ermənistan hakimiyyətinin sülhdən danışaraq müharibəyə hazırlaşdığını görürük və bunun üçün də təbii ki, Azərbaycan Prezidenti də bunu xəbərdarlığını edib. Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Əgər həqiqi sülh istəyirsə, qoyulan şərtlərə əməl etməli və artıq öz ərazisində üçüncü qüvvələrin iştirakını dayandırmalı, Azərbaycanla real səmimi müzakirələrə başlamalıdır", - deyə V.İskəndərov vurğuladı.
Türkan İSGƏNDƏRLİ