Trampın hədəfləri Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək - AÇIQLAMA

 17:20 12.02.2025     71

Misir və İordaniya ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan öz ölkələrinin ərazilərinə köçürülməsi fikrini rədd ediblər. Ancaq Tramp Qəzzanın boşaldılması üçün bütün yollara əl atmaq niyyətindədir. Bu məsələ nəinki Fələstində, artıq bütün dünyada narahatlığa səbəb olub.

Bəs ABŞ liderinin Qəzza planı hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Tramp administrasiyası Yaxın Şərqi yenidən dizayn etməyə çalışır:

"Prezident Trampın açıqlamalarından belə anlaşılır ki, Amerika Birləşmiş Ştatları Qəzza bölgəsində fələstinlilərin yaşamasını istəmir. Onu başqa ölkələrə köçürməklə bu problemi birdəfəlik ABŞ-nin və İsrailin maraqları çərçivəsində həll etməyə daha çox meyillidir. Bu baxımdan bəzi ölkələrə, o cümlədən də Misir və İordaniyaya fələstinliləri öz ərazilərində qəbul etmələri üçün təzyiqlər göstərir. Misir və İordaniya bundan imtina eləsə də, Trampın onlara qarşı bir təhdidi də var. O təhdid ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Misir və İordaniyaya göstərdiyi dəstəyi bundan sonra kəsə bilər. Həmin dəstək də həm Misir üçün, həm də İordaniya üçün böyük önəm daşıyır. Bu baxımdan hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini hələlik tam təsəvvür eləmək bir qədər çətindir. Belə anlaşılır ki, Tramp administrasiyasının radikal planları mövcuddur və bu radikal planların hansı istiqamətə yönələcəyi və Yaxın Şərqdə necə bir situasiya yaradacağı hələlik qeyri-müəyyən qalıb".

Politoloqun fikrincə, bəzi Avropa ölkələrinin də Trampa qarşı çıxması, Yaxın Şərqdəki gərginliyi daha da artıracaq.

"Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasının Qəzza planlarına Türkiyə də kəskin şəkildə etiraz edir. Türkiyə hesab edir ki, Tramp administrasiyası Qəzza ilə bağlı qurduğu planları yanlış şərtlər üzərində qurub və həmin planların icra olunması yolverilməzdir. Eyni zamanda bəzi Avropa ölkələri də artıq Trampın Qəzza planlarına etiraz etməyə başlayıblar. Bu baxımdan Trampın qarşıya qoyduğu hədəflərin qlobal məkanda olduqca ciddi problemlər yarada biləcəyi, Yaxın Şərq ətrafında situasiyanı daha da gərginləşmə və yenidən münaqişənin baş qaldırma ehtimalı tamamilə realdır və bunun qlobal məkanda da bir təsirinin olacağı qətiyyən istisna deyil", - deyə Elçin Xalidbəyli qeyd etdi.

Türkan İSGƏNDƏRLİ