"Paşinyan yalanlar uydurur və dünya ictimaiyyətinin fikrini çaşdırmağa çalışır” - Afət Həsənova
"Ermənistan Baş naziri Nikol Paşinyanın 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri Ermənistanın növbəti hiyləgər addımıdır və sülh prosesindən yayınmasını pərdələmək üçün məqsədli şəkildə söylənən əssassız fikirlərdir".
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Millət vəkili deyib ki, Ermənistan bütün cəhdləri ilə sülh prosesini ləngitməyə çalışır və bunun üçün müxtəlif təxribatçı yollara əl atır:
“Paşinyan bu cür yalanlar söyləməklə reallığı təhrif etməyə və dünya ictimaiyyətini aldatmağa çalışır. Bu gün Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur və regionda sülhün təmin olunmasının tərəfdarıdır, bunun üçün üzərinə düşən bütün addımları atır və Ermənistanla sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Bu gün müharibəyə hazırlaşan Ermənistanın özüdür, lakin Paşinyan reallığı təhrif etməklə fikri yayındırmağa çalışır. Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması, xüsusilə də hücum silahları alması onun yeni müharibəyə hazırlaşmasını göstərir. Ermənistan Fransa, Hindistan və digər ölkələrdən silahlar alır”.
A.Həsənova bildirib ki, Paşinyan Ermənistanın işğalçı bir dövlət olduğunu unudub:
“Məhz Ermənistan Azərbaycan ərazilərini 30 il müddətində işğal altında saxlayıb, on minlərlə günahsız insanlarımızı amansızlıqla qətlə yetirib, ərazilərimizi xarabalığa çevirib. 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Müharibə bitdikdən sonra da Ermənistan işğalçılıq siyasətini davam etdirdi, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələr saxlamaqda davam etdi, həmin dövrdə də ərazilərimizdə minalar basdırdılar. Erməni işğalına məruz qalan, işğal nəticəsində böyük zərərlər görən Azərbaycandır, indi Paşinyan hansı üzlə və məntiqlə Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığını deyir? Bu, siyasi riakarlığın ən yüksək həddidir”.
Qərbi Azərbaycan İcması ilə bağlı məsələyə gəlincə isə deputat qeyd edib ki, öz doğma yurdunda yaşamaq hər bir insanın hüququdur.
“Ermənilər Qərbi Azərbaycan ərazisindən soydaşlarımızı didərgin salaraq onların ata-baba yurdlarında yaşamaq hüququnu əlindən alıb. Qərbi Azərbaycan qovulmuş soydaşlarımız beynəlxalq qanunlar çərçivəsində öz doğmü yurdlarına qayıdaraq sülh şəraitində yaşamalıdır. Əlbəttə burada Ermənistan da beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Hesab edirəm ki, bu məsələdə beynəlxalq təşkilatlar da öz üzərinə düşən öhdəliyi yerinə yetirməli, soydaşlarımızın geri dönmək hüquqlarının təmin edilməsində lazımi addımları atmalıdırlar çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur. Paşinyan bu məsələdən də yayınmaq üçün yalanlar uydurur və dünya ictimaiyyətinin fikrini çaşdırmağa çalışır”, - deyə Afət Həsənova bildirib.