Samir Şərifov bu dəfə Muxtar Babayevi ƏVƏZLƏDİ

 16:18 13.02.2025     88

Baş nazirin müavini Samir Şərifova yeni vəzifə verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

Qeyd edək ki, sözügedən vəzifəni əvvəllər sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tutub. O, bir müddət əvvəl vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Xatırladaq ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.

Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.

Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.