Tramp Ukraynanın minerallarına buna görə göz dikib - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp indi də Ukraynanın təbii sərvətlərinə göz dikib. O, Ukraynadakı metal yataqları olan əraziləri öz nəzarətinə keçirmək istəyir. Bu da ABŞ-nin Ukrayna-Rusiya müharibəsində Rusiyanın yanında olduğuna dair fikirləri təsdiqləyir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Trampın hədəfləri əsasən Çin, İran və Yaxın Şərqdəki proksi qüvvələrdir:
"İran məlum olduğu kimi İsrailə görədi. Çünki Trampın elə birinci prezidentliyi dövründə də İsraillə çox geniş əlaqələri var idi və əsas məqsədi məhz İranın Yaxın Şərqdəki proksi qüvvələrini məhv etmək və onu zəiflətməkdir. Yəni İsrailə qarşı olan təhlükəsini yox etmək nəzərdə tutulur. Qəzzanın köçürülməsi məsələsi də məhz buna görədir. Trampın məqsədi İsrail ərazilərini genişləndirməkdir. İkinci hədəfi isə Çindir. Çinin iqtisadi gücünü məhv etmək istəyir. Tramp buna görə də özünə Çinə qarşı mübarizədə müttəfiqlər qazanmaq istəyir. Əgər Rusiya imkan verməsə, Çinin şimal bölgəsindən Avropaya yükdaşımalar həyata keçirmə məsələsində öz qüvvəsini itirəcək. Çünki məlum olduğu kimi, Çin Avropa və Amerikaya malları əsasən Rusiyanın vasitəçiliyi ilə daşıyır, yəni Şimal qütbü ətrafında məhz bu istiqamətdə hərəkət edirlər. ABŞ bunun qarşısını kəsmək üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaq siyasəti aparmaq istəyir. Yəni Ukraynanı buna görə alver predmetinə çevirirlər".
Politoloqun fikrincə, Trampın əsas niyyəti məhz Ukraynaya vaxtilə ABŞ tərəfindən verilmiş silahların, xərclərin geri alınması üçün Ukraynanın mineral sərvətlərindən istifadə edilməsidir.
"Ukraynanın çox geniş mineral yataqları var və ABŞ çalışacaq ki, bu mənbələrdən istifadə etsin. Ancaq bu da təbii ki, yolverilməzdir. Çünki Ukrayna öz müttəfiqləri ilə bu məsələ barəsində danışır. İndi Ər-Riyadda ABŞ və Rusiya arasında görüş gözlənilir. Ukrayna bununla bağlı öz koalisiyasını genişləndirir. Avropa Birliyi və Çinin Ukraynanın yanında olduğunu görmüşük. Yəni Pekin dəfələrlə açıqlama verib və son zamanlar Çinlə Ukrayna arasındakı münasibətlər genişləndirilir. Eyni zamanda Avropa Birliyi ölkələri də Avropa Birliyi olmadan Ukrayna ilə bağlı danışıqları yolverilməz adlandırıblar və eyni zamanda Volodimir Zelenskinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni əhatə edəcək üç ölkəni əhatə edəcək ziyarəti başlayıb. Artıq Zelenski Birləşmiş Ərəb əmirliklərindədir", - deyə Z.Əmrəliyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ