Bu hadisədən sonra ona "Yetim İlyas" ləqəbini qoyublar - İlyas İsmayılov haqda maraqlı FAKT

 16:55 17.02.2025     228

"Uşaqlığında ona "Yetim İlyas" deyərmişlər. Çünki o, 6 aylığında olanda, milis atasını qaçaqlar öldürmüşdülər. Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından, anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladını - İdrisi və İlyası da götürüb, kəndə qayıtmışdı. "Yetim İlyas" ləqəbini də elə burada - kənddə qoymuşdular".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü bu gün dünyasını dəyişən tanınmış ictimai xadim İlyas İsmayılov haqda özünün "Facebook" səhifəsində yazıb. O, deyib ki, heç kim inanmazdı ki, bir gün "Yetim İlyas" tanınmış adam olacaq:

"Heç kim inanmazdı ki, gün gələcək, bu "Yetim İlyas" nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə, ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək - Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisi, müstəqil Azərbaycanın Ədliyyə naziri, hüquq elmləri doktoru olacaq!

Bütün bu nailiyyətləri isə o "Yetim İlyas" yalnız həyat uğrunda amansız mübarizədə formalaşmış güclü xarakterinin, sarsılmaz iradəsinin və ağır zəhmətinin hesabına əldə edəcəkdi!

... O, 3 aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: bir cəsur oğlunu - Etimadı düşmən gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlunun - Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı, dözdü, dözdü, dözdü...

Nəhayət, bu gün - fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu.

Allah İlyas müəllimə və dünyasını dəyişən əzizlərimizə rəhmət eləsin!".

Vasif