"Rusiya buna görə açıqlama verməlidir" - AÇIQLAMA

Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin vurulmasında bütün sübutlar Rusiyanın günahkar olduğunu təsdiqləsə də, o, hələ də bunu qəbul etmir, üstəlik bu ölkənin mediası və deputatları tərəfindən Azərbaycan qarşı qeyri-etik ifadələr səslənir. Bunun nəticəsi kimi də Rusiya Dövlət Dumasının bir deputatının Azərbaycana girişi qadağa edilib.
Bəs Rusiya öz səhvini etiraf edib təhdid kampaniyasından geri addım atacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirdi ki, Rusiya Azərbaycanla olan zəngin tarixinə görə açıqlama verməlidir:
"Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixi var. Uzun illər əməkdaşlıq etmişik və bu əməkdaşlıq sürətlə inkişaf edirdi. İqtisadi əlaqələr güclənib. Lakin təyyarə qəzasından sonra bu dayandı. Çox təəssüf ki, Rusiyanın müəyyən dairələri Azərbaycanın haqlı suallarına cavab verməkdən çəkindi. Hətta bizim ünvanımıza müəyyən xoşagəlməz sözlər deyildi. Mən bir ziyalı kimi, uzun illər Azərbaycan cəmiyyətində söz sahibi olan bir insan kimi bildirmək istəyirəm ki, Rusiyanın müəyyən dairələrinin təyyarə qəzası ilə əlaqədar mövqeyi qətiyyən qəbuledilməzdir. Azərbaycan dövləti müstəqil bir dövlətdir. Açıq-aşkar sübut olunur ki, bu təyyarəmizə qarşı cinayət törədilib. Mən əminəm ki, müəyyən dairələr öz səhvlərini başa düşəcəklər. Çünki Azərbaycan-Rusiya əlaqələri ildən-ilə genişlənib və strateji tərəfdaşlıq əldə olunub".
Deputatın fikrincə, Azərbaycana qarşı çirkli əllərini uzadanlar istədiklərinə nail ola bilməyəcəklər.
"Azərbaycan Respublikasının Prezidentinin mövqeyi prinsipial, xalqın maraqlarına, millətimizin suverenliyinin tələblərinə tam cavab verən bir mövqedir. Mən əminəm ki, Rusiya öz səhv addımlarından geri çəkiləcək. Çünki dünya, aparıcı təşkilatlar, bunu yoxlayan komissiyalar hər şeyi gördü. Azərbaycan dövlətinin başçısının müəyyən etdiyi mövqeyi bəyənir, müdafiə edirik. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın suverenliyi, iqtisadi təhlükə, milli təhlükəsizliyə qarşı bizə edilən hər hansı bir fikrə qarşı onun mövqeyi prinsipialdır. Azərbaycanı istəməyən dairələr, Ermənistana həmişə lobbiçilik edən insanlar bu gün də çirkin əməllərini davam etdirirlər, amma bu, onlara nəsib olmayacaq. Azərbaycanın haqq səsi var və bu haqq səsi qalib gələcək", - deyə Ziyad Səmədzadə bildirdi.
Türkan İSGƏNDƏRLİ