"Bələdiyyələrin icra hakimiyyətindən asılılığını ləğv etmək lazımdır" - Vahid Əhmədov

 16:49 18.02.2025     257

"Azərbaycanda bələdiyyələr kifayət qədər azaldılıb".

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov ölkəmizdə bələdiyyələrin sayının yenidən azaldılması barədə təkliflərə münasibət bildirərkən dedi.

"Bələdiyyələrin azaldılma prosesi rahatdır. Amma elə ərazilər var ki, kəndin biri o birindən 40 km aralıdadır. Bu halda bələdiyyə necə azaldıla bilər? Bələdiyyələrlə bağlı kifayət qədər qərarlar qəbul edilib. Bələdiyyələr birləşdirilib, sayları azaldılıb. Seçkilər də keçirilib, düşünürəm ki, artıq bələdiyyələrin azaldılmasına ehtiyac yoxdur. Bələdiyyələr 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir. Artıq 26-cı ildir ki, bələdiyyələr fəaliyyət göstərir, lakin onlara diqqət olunmur".

İqtisadçının fikrincə, yaxşı olar ki, Azərbaycanda Türkiyənin bələdiyyə sistemi tətbiq olunsun.

"Başqa heç bir tədbirə ehtiyac yoxdur. Bələdiyyələrə status verilməli, maliyyə məsələləri həll olunmalıdır. Bələdiyyələrin icra hakimiyyətindən asılılığını ləğv etmək lazımdır. Bələdiyyələrə sərbəstlik verilməlidir ki, onlar sərbəst fəaliyyət göstərə bilsinlər. Mən deyərdim ki, bələdiyyə universitetdir, özü də çox lazımlı universitet. Onlar birbaşa insanlarla əlaqədə olub, onların sosial problemlərini həll edirlər. Bir sıra məsələlər öz həllini tapmalıdır", - deyə V.Əhmədov vurğuladı.

Aytəkin TOFİQQIZI