"Azərbaycan tələb edir ki, burada Kalininqrad modeli tətbiq olunsun" - AÇIQLAMA

 16:57 18.02.2025     172

Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb. Bununla yanaşı maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, əsas problem Zəngəzur dəhlizinə kimin nəzarət etməsi məsələsidir:

""Hraparak" qəzetinin bu məlumatını mən ciddi saymıram. Məlumdur ki, əsas problem dəhlizə kimin nəzarət etməsi ilə bağlıdır. 10 noyabr 2020-ci il bəyanatına görə dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Ancaq nə İran bunu qəbul eləyir, nə də Ermənistan bunda razılığa gələ bilərmi? İnanmıram razılığa gəlsin. İkinci problem İranla sərhədin yaxınlığından keçəcək Zəngəzur dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolundan ibarət olması məsələsidir. Ermənistan avtomobil yolu üçün başqa marşrutlar təklif edir. Yalnız dəmiryolu barədə razılığa gəlmək istədiyini deyir. Ermənistanın burada hansısa güzəşt etməsi hələ aydın deyil. Nəhayət, üçüncü poblem 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ilə maneəsiz hərəkət müddəası var. Azərbaycan tələb edir ki, burada heç bir yoxlamalar olmasın və Kalininqrad modeli tətbiq olunsun. Bu məsələdə də Ermənistanın razılığı hələ yoxdur".

Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın  reallaşması üçün səfərbər edib

Politoloqun fikrincə, əgər bir qəzet belə bir informasiyanı verirsə, əldə olunan razılaşmalar barədə nəsə yazmalıdır:

"Əks halda ümumi şəkildə "razılığa gəlib" demək ciddi qəbul oluna bilməz. Üstəlik, hələ bir neçə il bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə demişdi ki, Zəngəzur dəhlizi ilə bağlı problemi Ermənistandan daha çox İran yaradır. İranın bu məsələyə baxışı nə cürdür? Yaxın aylarda həm Azərbaycanı, həm Türkiyəni, həm Rusiyanı müharibə ilə hədələyib. Onun yanaşması dəyişibmi, bu da hələ aydın deyil. Ona görə mən hesab edirəm ki, məhz bu cür bəyanatlar ciddi sayıla bilməz. Üstəlik, əgər lap razılaşma olsa da, hələ Ermənistan əlini ağdan-qaraya vurmayıb. Heç texniki sənədlər də hazırlanmayıb. İndiyə qədər maliyyələşmə, dəmir yolunun və avtomobil yolunun tikintisi məsələsi var və yaxşı halda 2027-ci  ildə bu dəhlizin açıla biləcəyi barədə Türkiyə rəsmiləri bəyanatlar vermişdilər. Ancaq bu gedişlə 2027-ci  ilə qədər də dəhlizin açılması qeyri-mümkün ola bilər", - deyə A.Səmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ