“Rusiya azərbaycanlı miqrantlarla bağlı siyasətini dəyişir” - ŞƏRH

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən raketlə vurulduğu təsdiqini tapsa da, Moskva nədənsə bunu etiraf etmək istəmir. Son vaxtlar Rusiyanın Azərbaycana qarşı qərəzli hərəkətləri, gərginləşən münasibətlər fonunda ölkədən azərbaycanlıların qovulması, iş adamlarının bizneslərinin əlindən alınması kimi çağırışlarla rastlaşırıq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Əli Mustafa bildirdi ki, son vaxtlar Rusiyada azərbaycanlı miqrantlara qarşı sərt tədbirlər görülsə də, kütləvi yoxlamalar və saxlanılmalar həyata keçirilsə də, hazırda bu prosesin nisbətən zəiflədiyi görünür:
"Rusiyanın xüsusilə azərbaycanlı miqrantlarla bağlı planlarında sanki bir az korrektlər olurdu. Yəni o bir ajiotaj var idi, insanları incidirdilər, onları tuturdular. Müşahidələrim onu deməyə əsas verir ki, sanki son günlər bir az bu proses zəifləyib. İndiki vəziyyətdə Azərbaycanla münasibətləri bu qədər gərginləşdirmək onların ürəyincə deyil. Rusiyanın bu gün münasibətdə olduğu dövlətlər də kifayət qədər azdır. Belə bir şəraitdə Azərbaycanla münasibətləri korlamaq, əlbəttə, Rusiyanın maraqlarına uyğun deyil. Digər tərəfdən də o insanların əhəmiyyətli bir hissəsi bu gün Rusiyada son dərəcə faydalı işlər görürlər. Yəni onların ölkədən çıxarılması Rusiyanın həmin sahələrinin iflic olmasına gətirib çıxara bilər. Yəni ruslar onun da fərqindədirlər".
Politoloqun sözlərinə görə, Rusiyanın məqsədi qorxutma və təzyiq yolu ilə müəyyən güzəştlər əldə etmək idi.
"Onlarla bağlı siyasi səviyyədə qərarlar verilib. Amma Azərbaycanla bu qədər münasibətləri korlamaq, gərginləşdirmək Rusiyanın maraqlarına o qədər də uyğun deyil. İlk vaxtda qorxutmaq, təhdid edərək, hansısa güzəştlər əldə etməyi düşünürdülər. Amma sonra gördülər ki, bunun əks effekti, zərəri daha çox ola bilər. Sanki bir qədər yavaşıyıblar. Mən düşünürəm ki, miqrantlara olan münasibət daha çox dövlətlərarası münasibətdə yeni siyasi münasibətlərdən qaynaqlanır. Bu baxımdan da, ona əslində bir indikator kimi baxmaq lazımdır. Yəqin ki, Rusiya yaxın ətrafına münasibətləri bu qədər korlamağın zərərlərini artıq düşünməyə başlayıb", - deyə Ə.Mustafa vurğuladı.
Türkan İSGƏNDƏRLİ