"Azərbaycan və Türkiyə media subyektləri arasında qardaşlıq əlaqələri daha da möhkəmlənəcək" - Əhməd İsmayılov

 12:30 19.02.2025     164

"Aviasəfərlər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Təsadüf deyil ki, imzalanmış memorandum 5 il ərzində iki qardaş ölkənin media sahəsindəki əməkdaşlığın inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və digər layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır".

Redaktor.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masada deyib.

"Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz cəmiyyətimizdə informasiya təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli media, ölkəmizin media nümayəndələrinin, subyektlərinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qorunmasına böyük təkan vermişdir. Ölkələr arasında iqtisadi münasibətlərin inkişaf dinamikasına uyğun olaraq, istər milli media subyektlərimiz, istər aidiyyəti qurumlar xalqımızın mənəvi dəyərlərini təbliğ etmək, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərməsi üçün əzmlə çalışmaqdadırlar. Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan bu strateji əməkdaşlıq yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməkdə kifayətlənməmiş, eyni zamanda regionda və dünyada əvəzolunmaz töhfələr vermişdir".

İcraçı direktor qeyd edib ki, bu 5 il ərzində hər iki ölkənin media subyektləri bir sıra birgə layihələr keçirmiş, təlimlər təşkil edilmiş, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilmişdir:

"Müvafiq istiqamətdə 2021-ci il 9 dekabr tarixində Azərbaycan Media İnkişaf Agentliyi, Türkiyənin Anadolu Agentliyi, Türkiyə Polis Akademiyası və Türk Əməkdaşlıq Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə Ankarada keçirilən Hərbi Jurnalistika təlim proqramı Azərbaycan jurnalistlərinin böyük marağına səbəb olmuşdur.

Media sahəsində peşəkarlığın artırılması məqsədilə son 3 il ərzində müxtəlif vaxtlarda təşkil olunan, mediada gender bərabərliyi, COP29, jurnalistlər üçün COP29, o cümlədən könüllülər və müvafiq şəxslər üçün keçirilən media savadlılığı kimi təlimlərdə rəqəmsal xəbərlərin oxunmasını artırmaq üçün müasir strategiyalar kimi, layihələrdə mütəxəssislər cəlb olunmuş, media nümayəndələri mütəxəssislər arasında aparılan təcrübə və fikir mübadiləsi aparılmışdır. 2021-ci ildən etibarən hər il Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Kommunikasiya Sammitində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur. Media, kommunikasiya kimi mövzular üzrə müzakirələrdə, informasiya mübadiləsində fəal iştirak edir. Media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konkret təhlili, aktual məsələlər ətrafında, bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Azərbaycanın qədim şəhəri Şuşada təşkil edilən Beynəlxalq Media Forumı, ölkə başçısı cənab İlham Əliyevin şəxsi iştirakı ilə Şuşa Qlobal Media Forumu formatında davamlı şəkildə keçirilməkdədir".

Ə.İsmayılov bildirdi ki, Bakıda bu mötəbər tədbirə Türkiyə Respublikasının media subyektlərinin və sahə üzrə müvafiq dövlət qurumlarının, onların rəhbərliyinin təmsil olunduğu geniş nümayəndə heyəti ilə qatılmaqdadır:

"Birinci Şuşa Qlobal Media Forum çərçivəsində Türkiyə Anadolu Agentliyinin əməkdaşları tərəfindən, jurnalistlər üçün böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələri qarşılaşa biləcəkləri çətinliklər mövzularında Hərbi Jurnalistika təlimi keçirilmişdir. Media nümayəndələri üçün həyata keçirilən müxtəlif layihələrlə yanaşı, 2023-cü ilin oktyabr ayında Türk Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Respublikasının 30 dövlət qurumunun kommunikasiya sahəsində müvafiq şəxslərin nümayəndə heyətlərinin Türkiyə Respublikasına səfəri baş tutmuşdur. Bütün bunlar göstərir ki, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədi daşıyan  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində əməkdaşlıq aktı ilə iki ölkə arasında media sahəsində əlaqələr daha geniş miqyasda davam etdirilmiş və hətta müxtəlif yeni təcrübələr əldə edilmişdir".

Direktorun sözlərinə görə, müasir dövrdə media təkcə informasiya vasitəsi deyil, xalqların bir-birini anlaması, mədəni və tarixi dəyərlərin qorunub saxlanılması və təqdim edilməsi üçün əsas vasitədir:

"Azərbaycan və Türkiyənin təməli tarixi qohumluq və mədəni yaxınlıq üzərində qurulan münasibətlərini dünyada nümunəvi və bənzərsiz bir əməkdaşlıq modelidir. Bu əməkdaşlıq media sahəsində də öz əksini tapır. Bölgələrimizin informasiya məkanı bir-birini daha yaxşı anlamasına şərait yaradır. Beynəlxalq təşkilatlarda qlobal platformalarda Azərbaycan Respublikası və Türk Respublikası həmişə bir-birinin mövqeyini və maraqlarını dəstəkləməkdədir.
Əminəm ki, əməkdaşlığımız gələcək illərdə də yeni layihələr və təşəbbüslərdə daha da zənginləşəcək. İki ölkənin media sahəsində məsul qurumlar arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da genişləndiriləcək. Bu hadisə münasibətilə uğurlu əməkdaşlığımızın təşəkkülündə və inkişafında əməyi keçən hər kəsə təşəkkürümü bildirir və inanıram ki, növbəti illərdə Azərbaycan və Türkiyə media subyektləri, nümayəndələri arasında qardaşlıq əlaqələri daha da möhkəmlənəcək",- deyə Ə.İsmayılov vurğuladı.

Aytəkin TOFİQQIZI