Qərb Azərbaycan vətəndaşlarını borca salmaq istəyir - Mirşahin Ağayev

 12:57 19.02.2025     205

"Tarix bizim gözümüzün qabağında yaranmaqda davam edir. Sözün düzü, mən bəlkə də ənənəvi media təmsilçisi obrazından kənara çıxıram və bunu nə üçün belə etdiyimin əsasları var. Çünki artıq yeni dünya düzəni formalaşır və bu eyni zamanda bizdə ənənəvi qayda və qanunlar sisteminin də dəyişərək formalaşmasını tələb edir. Bu baxımdan mən artıq bir neçə ildir ki, uzun müddət beynimizdə oturmuş kütləvi informasiya vasitələri anlayışını mahiyyət etibarilə dəyişməyinin tərəfdarıyam və ən azı yaxın beş ildə bu olmalıdır".

Redaktor.az xəbər verir ki, bunu jurnalist Mirşahin Ağayev Bakıda "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masada dedi. Onun sözlərinə görə, sözlərinə görə, müasir media çağırışlarına uyğunlaşmaq zəruridir və bu yeni düzən 2020-ci ildə Qarabağdan başlayıb.

"Bizim keçmiş həmkarlarımız artıq dünyada belə düşünməyə başlayıb. Xüsusilə Qərb informasiya postları sözün həqiqi mənasında öz platformalarını əsl döyüş, əsl mübarizə platformalarına çevirirlər. Yeni dünya düzəni əgər bizdən yeni media tələb edirsə, bu çağırışı biz mütləq qəbul etməliyik. Bu düzən məhz 2020-ci ildə Qarabağdan başladı və bunu edən Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan oldu. Yeni dünya düzənini məhz Qarabağdan başladığını deməyə mənim tam haqqım var. Biz çox vaxt xarici borcdan, müəyyən dövlətlərə hansısa bir kredit qaytarmasından danışırıq. Mən belə hesab edirəm ki, bu yalnız dövlətlərə aid məsələ deyil. Söhbət Vətənə borcdan gedirsə, bu dövlət borcuyla eyni deyil. Dövlət borcu ilə dövlət məşğul olur, onların müəyyən öhdəlikləri olur, öhdəliklər müqabilində borclar alınmış kreditlər alınıb və onlar qaytarılır və müəyyən şərtlər daxilində güzəştlər olur".

Jurnalistin fikrincə, bəzi xarici təsisatların məqsədi məhz bu iqtisadi müstəqilliyi sarsıtmaq və Azərbaycan vətəndaşlarını borclulara çevirməkdir.

"Azərbaycan Respublikasının Prezidenti dəfələrlə çıxışında bildirib ki, Azərbaycanın xarici borcu o qədər aşağıdır ki, biz onu bir gün içində bağlaya bilərik. Biz bununla Azərbaycan dövlətinin nə qədər iqtisadi cəhətdən müstəqil olduğunu sübut etmiş oluruq. Təbii ki, dünyanın müxtəlif ölkələri, xüsusilə Qərb təsisatları, heç şübhəsiz ki, Azərbaycan vətəndaşları arasında müəyyən zəif nöqtələri axtarıb tapmağa meyillidirlər ki, onlar dövlətin borclanmalı olmadığı məsələlərin əvəzini kompensasiya vətəndaşından çıxmaq istəyirlər. Belə bir vaxtda biz Azərbaycan və Türkiyə mediası olaraq yeni çağırışları qəbul etməliyik və imkan verməməliyik ki, bizim vətəndaşlarımız dövlətin götürmək istəmədiyi borcu fərd olaraq götürüb öz mənəviyyatı hesabına ödəsin və bu böyük təhlükə yaradır".

Mirşahin Ağayev pandemiya dövründə dünyada "evdəqal" çağırışlarının səsləndiyini xatırladaraq, bunun təkcə fiziki izolyasiya deyil, mənəvi bir çağırış olduğunu bildirdi.

"Media qloballaşma dövründə "evdəqal" dövrünə qədəm qoydu. Covid-19 vaxtı bütün dünya, bütün vətəndaşlar hamısı evə dəvət olundu. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindən sonra video məşhur sözlər də var; "bizim ailəmiz türk ailəsidir", "biz başqa bir yerdə ailə axtarmalı deyilik və biz başqa yerdə gözləmirlər". Mən düşünürəm ki, bu həmin o "evdəqal"ın davamıdır. Bu saat bütün dünya yeni fəlakətlər sistemi ilə üz-üzədir. Belə bir vaxtda Azərbaycan və türk mediası evdə qalmalıdır. Bu evdə biz hamımızın göz bəbəyimiz kimi qorumalı olduğu türk ailəsi, türk mediasıdır. Azərbaycanın kütləvi informasiya əməkdaşları fəlakət zonasında birinci gündən, sonuncu günə qədər çalışdılar. Türkiyədə zəlzələ zonasında fəlakət zonasını axırıncı tərk edən xilaskarlarla birlikdə Azərbaycan mediası zonanı tərk etdi.

Azərbaycan və Türkiyə arasında yalnız siyasi müttəfiqlik, hərbi müttəfiqlik yox, eyni zamanda media müttəfiqləridir. Türkiyənin üzərinə gələn bəla bəla bizim üzərimizə gəlir, bzim üzərimizə gələn istənilən bəla Türkiyənin üzərinə gəlir. Ona görə də bir millət, iki dövlət anlayışı, bir millət, iki dövlət, bir media anlayışına transformasiya etməyin vaxtı çoxdan çatıb və biz də onunla məşğuluq".

Türkan İSGƏNDƏRLİ