"Vaxtilə Bayden siyasi dialoqlar qursaydı, Ukrayna münaqişəsi çoxdan həll edilə bilərdi"

 18:33 19.02.2025     106

"Türkiyənin həmişə beynəlxalq hüququ müdafiə etməsi və problemlə üzləşən dövlətin yanında olması təqdirəlayiqdir. Türkiyə həmişə beynəlxalq birlikdə yaranan problemlərin beynəlxalq hüquqa əsasən həll edilməsinin tərəfdarı olduğunu göstərir. Eyni zamanda, Türkiyə və Ukraynanı tarixən bir humanitar, insani əlaqələr də birləşdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərini şərh edərkən dedi. Onun sözlərinə görə, problemin Rusiya-ABŞ rəhbərlərinin görüşündə həll ediləcəyi daha inandırıcı görünür:

"ABŞ-nin dəstəyi olmasaydı, üç il ərzində Ukrayna Rusiyaya müqavimət göstərə bilməzdi. Onun həm siyasi, həm hərbi, həm mənəvi dəstəyi Ukraynanı güclü etdi. İş burasındadır ki, ABŞ-nin yeni administrasiyası bu gün problemin həllini qeyri-hərbi platformada, Rusiya ilə məsələləri anlaşaraq müəyyən nəticəyə gəlməkdə görür. Bəlkə də vaxtilə Bayden administrasiyası Putinlə intensiv görüşlər, əlaqələr qursaydı, arqumentləri cəbhə bölgəsində deyil, siyasi dialoqlarda axtarsaydı, problem çoxdan həll edilmişdi".

Deputatın fikrincə, ABŞ müharibəni dayandırmaq və problemi həll etmək əzmindədir.

"Bu gün prezident Donald Trampın Rusiya ilə əlaqələrə xüsusi əhəmiyyət verməsi, onunla şəxsi görüşmək istəməsi onu göstərir ki, ABŞ müharibəni dayandırmaq və problemi həll etmək əzmindədir. Nə nəticəyə gələcəklər, bunu gələcək göstərir və dünya bu müharibənin dayandırılmasını, ABŞ ilə Rusiya arasında qarşıdurmanın aradan qaldırılmasını gözləyir. Bu qarşıdurma təkcə iki dövlətə deyil, bütün dünya birliyinə təsir edir", - deyə A.Mirzəzadə qeyd etdi.

Türkan İSGƏNDƏRLİ