Tramp Putinin vəkili kimi çıxış edir - AÇIQLAMA

 17:44 19.02.2025     258

"Ər-Riyadda keçirilən görüş əsasən Rusiya və ABŞ arasında münasibətlərin normallaşdırılmasına həsr olunub desək, yanılmarıq. Çünki görüşün Rusiya-Ukrayna müharibəsinin müzakirəsi adı altında məhz Rusiya-ABŞ münasibətinin yaxşılaşdırılması üçün keçirilib".

Bunu mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi. Onun sözlərinə görə, burada xüsusilə Rusiya İnvestisiya Fondunun rəhbəri Dmitriyevin müsahibəsi diqqət çəkir:

"O, ABŞ rəsmilərinin diqqətinə çatdırdı ki, bu dövrdə ABŞ üç yüz iyirmi dörd milyard dollar itirib. ABŞ Prezidenti bildiyimiz kimi biznesmendir. Onu ən çox maraqlandıran biznes, pul məsələsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampa çağırışı oldu ki, Ukrayna torpaqlarını Putin işğal edib, təbii mineralları Rusiyanın istifadə etməyindənsə, siz bizə kömək edin, biz ABŞ ilə birlikdə torpaqlardakı mineralları çıxaraq və birlikdə istifadə edək. Anındaca ABŞ da sənəd hazırladı ki, 50 faiz Ukraynanın təbii sərvətlərinin istismarı və emalı ABŞ-yə verilsin. Zelenski buna təbii ki, razılıq vermədi. Fevralın 18-də görüş keçirildi. Görüşdə Rusiya-Ukrayna məsələləri haqqında elə ciddi bir razılığa gəlinməyib. Burada əsas olan məsələ odur ki, Rusiya-Ukrayna məsələsinin həlli üçmərhələli istiqamətdə həyata keçirilsin. Atəşkəsə nail olunmalıdır, Ukraynada seçkilər keçirilməlidir. Seçkilərin keçirilməsi Putinin tələbidir. Son olaraq sülh danışıqları aparılıb, müqavilə imzalanmalıdır".

Politoloq qeyd etdi ki, Tramp hakimiyyətə gəldikdən sonra, həm Avropa İttifaqının, həm ABŞ-nin aparıcı siyasətçilərinin fikrinin əksinə olaraq Putinin vəkili kimi çıxış edir:

"Bu isə gələcəyin daha da gərgin olacağını göstərir. Bu səbəbdən Avropa İttifaqının liderləri görüş keçirdilər. Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələr apardılar. Təbii ki, burada heç bir nəticə alınmadı. Bəziləri bildirir ki, Ukraynaya əsgər yardımı göstərilsin. Ancaq konkret nəticə əldə olunmadı. Böyük Britaniyanın baş naziri bildirdi ki, o, bu günlərdə təcili olaraq Trampla görüş keçirəcək. Trampa Rusiya-Ukrayna münaqişəsi ilə bağlı öz məsləhətlərini verəcək. Hələ ki, sülh müharibəsinin əldə olunmasından danışmaq tezdir. Zelenski özü Ukraynanın iştirakı olmadan Ukraynadan danışılmasını qəbul etmir. Bu görüşü eyni zamanda Avropa İttifaqının liderləri pisləyib. Çünki onlar da danışıqlarda iştirak etmək istəyirlər. Marko Rubio görüş başa çatdıqdan sonra bildirdi ki, gələcəkdə Rusiya-Ukrayna məsələsinin müzakirəsində Ukrayna və Avropa İttifaqının rəhbərləri iştirak edəcək. Hesab edirəm ki, bu, son günlərdə Avropa İttifaqının rəhbərlərinin ABŞ-yə təzyiqi nəticəsində baş verir. Yaxın günlərdə düşünürəm ki, Putin-Tramp görüşü keçiriləcək və görüşdə əsas məsələ atəşkəsə nail olmaq olacaq".

E.Həsənov bildirdi ki, atəşkəsə nail olduqdan sonra həm Rusiyanın tələbləri, həm Ukraynanın tələbləri paralel olaraq dinlənilməli, ortaq məxrəcə gəlinməlidir.

"Hər iki tərəf güzəştdə getməlidir. Bu halda sülhə nail olmaq olar. Sülhün əldə olunması asanlıqla başa gəlməyəcək. Buna günlər, aylar, ciddi cəhdlər lazımdır. Artıq ABŞ bu yolda müvafiq işlər aparır. Real şəraitə uyğun olaraq Rusiya da, Ukrayna da sülh istəyirlər. Çünki hər iki tərəfdə həm hərbi ləvazımat, hərbi güc çatışmazlığı, həm də canlı insan qüvvəsi çatmır. Bu səbəbdən müharibəni dayandırmaq lazımdır", - deyə politoloq vurğuladı.

Aytəkin TOFİQQIZI