Türkiyə və Azərbaycan media rəhbərləri əməkdaşlığın gücləndirilməsini müzakirə ETDİ

Bakıda, "Türkiyə ilə Azərbaycan Arasında Media Sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu"nun 5-ci ildönümü münasibətilə dəyirmi masa təşkil edilib.
Redaktor.az xəbər verir ki, tədbirə Türkiyənin Bakıdakı səfiri Birol Akgün, Sosial Araşdırmalar Mərkəzinin sədri Zahid Oruç, Azərbaycan Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və media qurumlarının rəhbərləri qatılıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, tədbirə göndərdiyi mesajda Ortaq Media Platformasının iki ölkənin media və kommunikasiya sahəsində əməkdaşlığı üçün əhəmiyyətli yol xəritəsi olduğunu bildirib. O qeyd edib ki, ictimai diplomatiya, beynəlxalq media, strateji kommunikasiya, tənzimləmə və rəqəmsallaşma istiqamətində birgə komitələr fəaliyyət göstərir və yeni layihələr həyata keçiriləcək.
Türkiyənin Bakıdakı səfiri Birol Akgün, Türkiyə və Azərbaycanın qlobal sistemin dəyişdiyi dövrdə birgə hərəkət etməsinin vacibliyini vurğulayıb. O, media həmrəyliyinin 2-ci Qarabağ müharibəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadığını xatırladıb.
Azərbaycan Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, iki ölkə arasında media əməkdaşlığının təkcə informasiya mübadiləsini deyil, həm də regionda həqiqətlərin daha geniş kütlələrə çatdırılmasını təmin etdiyini qeyd edib.
Tədbirdə, Türkiyə və Azərbaycan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə informasiya strategiyalarının həyata keçirilməsi istiqamətində təkliflər müzakirə olunub.
Kənan YUSİF


