"Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var" - Elxan Şahinoğlu

"Donald Tramp andiçmə mərasimindən keçən qısa müddətdə elə“sürət” götürüb ki, beynəlxalq aləm Ağ Ev sahibinin hər addımından yaxşı heç nə gözləmir. Tramp və onun komanda üzvləri Ukrayna ilə bağlı faktiki Kreml sahibinin söylədiklərini təkrarlayırlar, “Krımı və Şərqi Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq”, “Ukrayna NATO üzvü olmayacaq”, “Volodimir Zelenskinin səlahiyyət müddəti bitib” və s. Baxmayaraq ki, Tramp prezidentliyinin birinci müddətində Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa zərər verəcək addım atmayıb, budəfəki prezidentliyinin bizim üçün neçə keçəcəyi sual altındadır. Bu arada, ABŞ-dakı erməni lobbisi Tramp və onun ətrafındakılara davamlı məktublar göndərir, Azərbaycanı cəzalandırmağı tələb edirlər. Əlbəttə, bu məktublara fikir verməmək də olar, ancaq Trampın ətrafındakı bir sıra fiqurun yaxın keçmişdə erməni lobbisi, Ermənistan və Qarabağ separatçıları ilə bağlılığı narahatlığımız üçün əsas verir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Netanyahu Azərbaycanla ABŞ arasında dialoqun formalaşmasında körpü rolunu oynaya bilər:
"Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə İsrailə ikinci səfərinə Azərbaycan – ABŞ münasibətləri aspektindən də dəyərləndirmək olar. Hikmət Hacıyev budəfəki səfərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Netahyahu Trampın bir nömrəli müttəfiqidir. Təsadüfi deyil ki, Tramp andiçmədən sonra ilk xarici qonaq kimi Netanyahunu Ağ Evə dəvət edib və onunla geniş fikir mübadiləsi aparıb. Netahyahu Azərbaycanla ABŞ arasındakı dialoqun formalaşmasında körpü rolunu oynaya bilər. Əsas odur ki, Vaşinqton Cənubi Qafqaz siyasətini doğrular üzərində müəyyənləşdirsin".
E.Şahinoğlu Putin-Tramp sövdələşməsinin təhlükəsini isə belə şərh edib:
Tramp Putinlə sövdələşməyə hazırlaşır. Bu sövdələşmə Ukraynanın zərərinə olduğu kimi Cənubi Qafqaz üçün də təhlükələr yarada bilər. Ona görə həmin günü gözləmədən Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var. Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəni hiss edərək erməni xalqına Konstitusiyanın dəyişdirilməsi vacibliyi barədə açıqlama verib. Bu sülhün əldə olunmasında əsas maneədir. Nə qədər ki, ABŞ və Rusiyanın başı Ukraynaya qarşıb, bu ikilinin Cənubi Qafqaza hər hansı formada müdaxiləsini gözləmədən Azərbaycanın tələbləri çərçivəsində sülh sazişi imzalanması və Zəngəzur dəhlizi açılması vacibdir".
Vasif