Tramp Ukraynanı Rusiyaya qurban vermək üçün bəhanə axtarır - Politoloq

"Respublikaçıların yeni hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatları və Ukraynanın münasibətlərində ciddi kataklizmlərin yaşanacağı şübhə doğurmur".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi. Onun sözlərinə görə, baş verən hadisələr onu göstərir ki, doğrudan da, hal-hazırda ABŞ Tramp və İlon Mask timsalında Ukraynaya qarşı sərt bir ritorikaya start verib:
"Amerika tərəfindən Ukrayna ilə bağlı səsləndirilən fikirlər, təbii ki, Ukraynanın qıcıqlanmasına səbəb olur. Ukrayna da ABŞ-dən gələn təzyiqlər fonunda əks arqumentli açıqlamalar səsləndirir. Faktiki olaraq, Tramp hələ prezident seçilməmişdən əvvəl seçki təbliğatı dövründə də seçiləcəyi təqdirdə, ABŞ vətəndaşlarının gəlirləri hesabına formalaşmış Amerika büdcəsindən Ukraynaya milyard dollarlarla yardım etməyəcəyini vurğulamışdı. Bu gün də görürük ki, Tramp açıq formada Ukraynaya bundan sonra ABŞ-nin kömək etməməsi üçün əlindən gələni edir. Trampın Zelenskinin reytinqinin aşağı olması, Ukrayna rəhbərliyinin müharibəyə səbəb olması haqqında səsləndirdiyi fikirlər Qərbin Rusiya-Ukrayna müharibəsinə yanaşmasında dəyişikliklər yaradır. Tramp özü qəsdən belə edir və bilir ki, Ukraynadan onun sərt açıqlamalarına cavab veriləcək, bu da Trampa bəhanə verəcək ki, Ukraynaya edilən yardımları tamamilə sonlandırsın".
Politoloqun sözlərinə görə, ABŞ-nin mövqeyi ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi hansı şərtlər daxilində olursa-olsun, dayansın.
"Təbii ki, Amerikanın bu gün Rusiya ilə müharibəni dayandırmaq üçün danışıqlar aparması, Ukraynanın özünü də məcbur edir ki, prosesdə beynəlxalq hüququn tələblərinə uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra razılaşmalar əldə olunması imkanlarını kənara atsın. Ukrayna fərqindədir ki, Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbdə heç kim Rusiyanın işğal etdiyi torpaqların yenidən Ukraynaya qaytarılması məsələsini qaldırmayacaq. Bu baxımdan çərçivə sənədi imzalanıb, hər iki ölkə tutduqları mövqelərdə müharibəni müvəqqəti olaraq dayandırmış olacaqlar. Amma bu, Rusiya-Ukrayna münasibətlərində hansısa müsbət dəyişikliyə səbəb olmayacaq", - deyə T.İsmayılov vurğuladı.
Aytəkin TOFİQQIZI