"Rusiya deyir ki, bu, bizim torpağımızdır, əvvəl Ukraynaya səhvən verilib" - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Ukrayna münaqişəsinin həlli üçün Ukrayna ilə danışıqlar aparmağa hazırdır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, danışıq aparmaq heç də pis fikir deyil:
"Əgər danışıq aparmaq baş tutarsa, tərəflərin maraqları müəyyən mənada nəticəyə gəlməyə şərait yarada bilər. Maraqların tam olaraq təmin olacağını deyə bilmərik, amma ümumi bir həll yolu, mexanizm tapıla bilər. Təbii ki, danışıqlar aparılsa belə, Rusiya işğal etdiyi Ukrayna torpaqlarını əldən vermək istəməyəcək. Ukrayna isə Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaq istəyəcək. Məsələ budur ki, Kırım üçün Rusiya qeyd edir ki, bu, bizim torpağımızdır. Əvvəl Ukraynaya səhvən verilib. Ukrayna isə qeyd edir ki, bunlar bizim beynəlxalq olaraq tanınan ərazilərimizdir"
Politoloq qeyd etdi ki, bu mövzuda mübahisə doğuracaq məsələlər var.
"Mübahisə doğuran məsələlər beynəlxalq hüququn imkanlarından istifadə edilərək həll olunmalıdır. Təbii ki, dialoqlar davam etməlidir. Dialoqlar nəticəsində ortaq nəticəyə gəlmək lazımdır ki, müharibənin, qan tökülməsinin qarşısını almaq lazımdır", - deyə S.Hümbətov vurğuladı.
Aytəkin TOFİQQIZI