"ABŞ və Türkiyə müharibəni birlikdə bitirmək istəyir"

 14:23 21.02.2025     152

Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması istiqamətində mühüm diplomatik görüşlər baş tutub. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında mühüm danışıqlar aparılıb. Paralel olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Turan Rzayev bildirdi ki, son hadisələr göstərir ki, ABŞ və Türkiyə müharibəni diplomatik yolla bitirmək üçün koordinasiyalı addımlar atır:

"Hər iki hadisənin məqsədi eynidir. ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı müharibəni təkbaşına deyil, Türkiyənin iştirakı ilə dayandırmaq niyyətindədir. Trampın Ərdoğana münasibəti müsbətdir. O, həmişə Ərdoğanı dost kimi təqdim edir. Türkiyənin Suriyada müxalif qüvvələri dəstəkləməsi müəyyən mənada ABŞ-nin maraqları ilə üst-üstə düşürdü. Buna görə də Tramp, Suriyada Ərdoğanın həyata keçirdiyi uğurundan sonra Rusiya-Ukrayna müharibəsini də onunla birgə tənzimləməyə üstünlük verir. Bunun üçün o, Ər-Riyadda Rusiya nümayəndələri ilə danışıqlara yönəlmişdi, Ərdoğan isə Zelenski ilə görüşürdü. Hər iki dialoqun uğurlu keçdiyini söyləmək olar.

Müharibənin hərbi əməliyyat mərhələsi mütləq başa çatmalıdır. Sülh müqaviləsinin imzalanması çətin görünür, lakin tərəflər arasında atəşkəs sazişinin əldə edilməsi mümkündür. ABŞ Rusiyanı, Türkiyə isə Ukraynanı bu məsələdə razı salmağa çalışır. Danışıqlardan sonra verilən açıqlamalar göstərir ki, Ankara və Vaşinqton bu hədəfə yaxınlaşmaqdadır".

Turan Rzayev: “İsrail Livanla deyil, terror təşkilatını kimi tanıdığı “Hizbullah”la mübarizə aparır”

Politoloqun fikrincə, Ukraynanın işğal altındakı ərazilərini azad etməsi üçün zaman lazımdır.

"Putin hakimiyyətdə olduğu müddətdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və ya müharibənin uzanması səmərəsizdir. Trampın qarşısında daha vacib məsələlərin dayandığını nəzərə alsaq, ehtimal etmək olar ki, o, atəşkəs sazişindən sonra prosesi Türkiyəyə həvalə edə bilər. Yəni mümkündür ki, Ankara Ukrayna ordusunun yenidən qurulmasında iştirak etsin. Bu isə gələcəkdə Ukraynanın öz torpaqlarını işğaldan azad etməsinə zəmin yarada bilər.

Əslində, Türkiyə bu sahədə kifayət qədər təcrübəyə malikdir. Azərbaycan Ordusunun NATO və Türkiyə modeli əsasında yenidən təşkil edilməsi Qarabağ müharibəsində böyük rol oynadı. Eyni zamanda, Suriya müxalif qüvvələrinin mərkəzləşməsi və sistemli hala gətirilməsi də Ankaranın dəstəyi ilə reallaşdı. Nəticədə Suriyada müxalif qüvvələr Bəşər Əsədi devirməyə nail oldu", - deyə T.Rzayev vurğuladı.

Türkan İSGƏNDƏRLİ