"Azərbaycan və Ermənistan vasitəçi olmadan problemlərini həll edə bilərlər"

 14:18 21.02.2025     124

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya öz işini uğurlu şəkildə icra edir. Artıq sərhəd xətlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılıb. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını da bəyan edib. Tramp yaxşı olar ki, Kanada, Panama, Qrenlandiya məsələləri ilə məşğul olsun".

Bu fikirləri politoloq Zeynal Əmrəliyev Redaktor.az-a ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın çıxışını şərh edərkən dedi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dünyada çox da sülhyaratma missiyasını həyata keçirəcək bir siyasətçi, bu profilə uyğun gələn bir şəxs deyil:

"Ondan gözlənti əsasən iki münaqişənin sonlandırılması ilə bağlı idi. Yaxın Şərq münaqişəsinin və Ukraynadakı müharibənin dayandırılması və münaqişənin sonlandırılması ilə bağlı bəyanat vermişdi. Onun Yaxın Şərqdəki münaqişənin necə sonlandıracağını bilirik. Tamamilə Fələstin dövlətini yox sayaraq İsrailin xeyrinə qərar qəbul edib, hətta Fələstinin əlində olan torpaqları belə İsrailə hədiyyə vermək xatirinə sülh yaratmaq istəyir. O, Qəzzadakı fələstinlilərin tamamilə köçürülməsi, böyük şəhərin yerlə yeksan edilərək burada yəhudi yaşayış məskənlərinin salınmasını istəyir və bu, qəbuledilməz bir məsələdir. Bu tamamilə Fələstin torpaqlarının ilhaqına şərait yaratmaqdır.

İkinci bir məsələ isə Rusiya-Ukrayna müharibəsində onun mövqeyini gördük. Müharibədəki bütün günahı Ukraynanın üzərinə yıxaraq faktiki şəkildə Ukrayna ərazisi üzərindən Rusiya ilə bazarlıq edir. Yəni bu, düzgün siyasət deyil". 

zeynal serh

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan vasitəçi olmadan öz problemlərini həll edə bilərlər.

"Donald Trampın dünyadakı iki münaqişə barəsindəki ədalətsizliklərini gördükdən sonra Metyu Brayzanın qeyd etdiyi kimi, Azərbaycan-Ermənistan sülh məsələsində yardımçı olmasını qəbul etmək doğru bir variant deyil. Azərbaycan bu münaqişədə qalib gəlib və öz torpaqlarını azad edib, BMT-nin qətnamələrini yerinə yetirib. Azərbaycan mənəvi olmaqdan başqa həm də hüquqi olaraq haqlıdır. Bizim kiminsə vasitəçiliyinə ehtiyacımız yoxdur. Yəni Donald Tramp əziyyət çəkib münaqişədə vasitəçilik etməsin. Eləcə də Ermənistanın belə bir vasitəçiliyə ehtiyacı yoxdur. Burada bir neçə məsələ var. Məsələn, Ermənistan Konstitusiyasında olan müvafiq maddələr, hansı ki, Azərbaycan dəyişdirilməsini tələb edir. Bununla yanaşı Zəngəzur dəhlizi, ümumi kommunikasiyaların açılması məsələsi də buna aiddir və bu, ikitərəfli danışıqlar əsasında həllini tapacaq məsələlərdir", - deyə Z.Əmrəliyev vurğuladı.

Qeyd edək ki, Metyu Brayza Trampın Azərbaycan-Ermənistan münasibətlərini düzəltmə imkanları olduğunu açıqlayıb.

Türkan İSGƏNDƏRLİ