"Hər halda İtaliya Senatının qəbul etdiyi qətnamə Azərbaycan əleyhinə olmaz" - Elxan Şahinoğlu

"İtaliya Senatında bir neçə gün əvvəl “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamə yekdilliklə - 112 səslə qəbul edilib. Qətnamənin qəbulu zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliya Parlamentində olub. “Mən bugünkü müzakirələrə, görüşlərə və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlara görə italiyalı tərəfdaşlarımıza təşəkkür edirəm” - deyən Simonyan İtalliya Senatında keçirilən dinləmələrdə də iştirak edib. Alen Simonyan Senatın komissiyasının dinləmələrində çıxış edərək italiyalı deputatlara Ermənistanın mövqeyini çatdırıb, suallara cavab verib. Alen Simonyan İtaliya Parlamentində sülh sazişindən, baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” təşəbbüsündən, ölkəsinin Avropa İttifaqına interqasiyasından və Azərbaycan həbsxanalarındakı erməni əsirlərdən (oxu: cinayətkarlardan) danışıb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, İtaliya Avropa ölkələri arasında Azərbaycanla ən sıx tərəfdaşlıq münasibətləri quran ölkədir:
"İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Roma Parisdən fərqli olaraq erməni separatizminə dəstək verməyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər halda İtaliya Senatının qəbul etdiyi qətnamə Azərbaycan əleyhinə olmaz. Buna baxmayaraq, İtaliya Parlamentində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarıyla bağlı dinləmələrə yalnız Ermənistan Parlamentinin sədrinin iştirakı sual yaradır. Niyə dinləmələrə və Azərbaycanla əlaqəli qətnamənin qəbuluna Ermənistan Parlamentinin sədri ilə yanaşı Milli Məclisin sədri də dəvət olunmayıb? Doğrudur, Milli Məclisin sədri Sahibə Qafarova bu ilin yanvar ayında İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb. Ancaq maraqlıdır ki, bölgəmizlə bağlı qətnamə Ermənistan Parlamentinin sədrinin iştirakı ilə qəbul olunub".
Vasif