"Türkiyənin Ukraynaya dəstəyi Rusiyanı narahat edir" - ŞƏRH

"Türkiyənin Ukraynaya dəstək olması, Rusiyanı narahat edir. Buna görə Türkiyə ilə danışıqlara getməyə çalışır".
Bu fikirləri politoloq Elçin Xalidbəyli Redaktor.az-a Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə səfərini şərh edərkən dedi. Onun sözlərinə görə, hazırda Türkiyə və Rusiya arasında müzakirə olunacaq məsələlərin sırası kifayət qədər genişdir:
"Bu məsələlərin sırasında Ukrayna savaşının dayandırılması ilə bağlı proses daha ön planda yer alır. Çünki Amerika Birləşmiş Ştatları və Rusiya arasında Ukrayna savaşının dayandırılması ilə bağlı müzakirələr artıq çoxdan davam edir və faktiki olaraq ABŞ və Rusiya Ukraynanı bölüşdürmək prosesində ortaq məxrəcə gəlmiş kimi görünürlər. Hətta ABŞ Prezidenti Donald Tramp Rusiyanı beynəlxalq izolyasiyadan çıxarıb. Eyni zamanda Ukrayna savaşın Rusiyanın maraqlarına uyğun şərtlər daxilində sülh sazişinin imzalanması üçün münbit şərait yaratmağa başlayıb. Ancaq belə bir situasiyada Türkiyə dövriyyəyə girib və Ukrayna Prezidenti Volodimir Zelenskini Ankaraya dəvət edib, Ərdoğanla Zelenski arasında bir neçə saatlıq müzakirələr olub. Türkiyə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını növbəti dəfə birmənalı şəkildə bəyan edib".
Politoloqun fikrincə, Lavrov Ankaraya Ukrayna savaşının dayandırılması prosesi üzrə müəyyən anlaşmaların əldə edilməsi üçün göndərilib.
"Eyni zamanda Ukrayna savaşının dayandırılması prosesinin birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyü təmin olunmaqla reallaşdırılmasını tələb edir. Bütün bunlar Kremldə ciddi narahatlıq doğurur. Çünki hazırda Türkiyə beynəlxalq məkanda siyasi iradə sahibi olduğunu artıq təsdiqləyib. Türkiyənin razılığı olmadan onun müdaxilə etdiyi bu prosesin Rusiyanın maraqları çərçivəsində yekunlaşması o qədər də inandırıcı görünmür. Bu baxımdan Lavrov Ankaraya göndərilib və rəsmi Ankara ilə Kreml arasında Ukrayna savaşının dayandırılması prosesi üzrə müəyyən anlaşmaların əldə edilməsinə cəhd göstərilir. Eyni zamanda digər məsələlər də var. Bu məsələlərin sırasına Cənubi Qafqaz da daxildir. Həmçinin enerji resurslarının Türkiyə üzərindən Avropa bazarlarına çıxarılma məsələsi və digər geopolitik mövzuların da müzakirə olunma ehtimalı kifayət qədər yüksəkdir. Amma ilk növbədə Türkiyənin Ukrayna savaşının dayandırılması prosesi üzrə mövqeyinin Rusiya ilə uzlaşdırılmasına cəhdlər göstərildiyi qətiyyən şübhə doğurmur", - deyə E.Xalidbəyli bildirdi.
Türkan İSGƏNDƏRLİ